“Biz düz 26 ildir müşahidə edirik ki, vaxtı keçmiş məhsulun satışı qadağan olunduğu halda, bir çox istifadəyə yararsız malların son ünvanı yenə də biz alıcılar oluruq”.
Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Araz” marketlər şəbəkəsində vaxtı keçmiş malların satılmasını Poliqon.info-a şərh edərkən qeyd edib.
Dünən yerli mətbuatda “Araz” marketlər şəbəkəsində vaxtı keçmiş şirniyyat məhsullarının yenidən qablaşdırılması və satışa qoyulması ilə bağlı videogörüntülər yayılıb. Təbii ki, bu insan sağlamlığına zərərli olduğu kimi cinayət məsuliyyəti də yaradır.
Bəs Azərbaycanda bu kimi hallara qarşı hansı cəzalar tətbiq olunur və xarab olmuş malların yenidən satışa çıxarılması ilə bağlı dövlət qurumlarının aparığı mübarizə nə qədər effektlidir?
Yararlılıq vaxtı keçmiş malların satışa çıxmasını Poliqon.info-un əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib. 
Biz düz 26 ildir müşahidə edirik ki, vaxtı keçmiş məhsulun satışı qadağan olunduğu halda, bir çox istifadəyə yararsız malların son ünvanı yenə də biz alıcılar oluruq. Yəni yararlılıq vaxtı keçmiş malların satışdan çıxma alqoritmi belədir. Marketlər həmin malları satışdan çıxarıb anbara toplayırlar və distrubuterə qaytarırlar. Sonra distrubuter də istehsalçıya qaytarır. İstehsalçı isə onun mümkün qədər dəyişir və yenidən marketlərə göndərir. 
Biz illərdir vaxtı keçmiş malların kütləvi informasiya vasitələrinin iştirakı ilə məhv edilməsini həyata keçirmək istəyirik. Çox az hallarda buna nail olmuşuq. Keçən ilin sonlarında yalnız bir firmanın öz istəyi və Qida Təhlükəsizlik Agentliyinin iştirak ilə iki ayda yüz tona yaxın vaxtı keçmiş mal məhv edildi. Sonra bu təşəbbüsə başqa firma da qoşuldu. Lakin onlarla belə firmalar var və onlar mallarını dəyişirlər. Həmin malları da biz alırıq və sağlamlığımıza böyük ziyan verir. Aptek şəbəkələrində növbəyə dayanmağımız da bunun nəticəsidir. 
Beləliklə də, bunların qarşısını almaq olar. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyinin ciddi çatışmayan cəhətlərindən biri mediada gedən informasiyanı izləməməsidir. Mən ictimai şuranın iclasında rəhbərliyə dəfələrlə bunu demişəm. Nə qədər ki, Qida Təhlükəsizlik Agentliyi ilə media sıx əlaqədə işləmir bu vəziyyət belə də davam edəcək”.


