Gündəm Özəl

Putin Rusiya ilə ABŞ arasındakı mühüm müqaviləni imzaladı

Putin Rusiya ilə ABŞ arasındakı mühüm müqaviləni imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkəsinin qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan, ABŞ ilə Yeni Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb.

Demokrat.az xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna əsasən, Rusiya ilə ABŞ arasında START müqaviləsi dayandırılıb.

Qanuna görə, ölkənin müqaviləyə yenidən qoşulması ilə bağlı qərarı Rusiya prezidenti qəbul edə bilər.

Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ ilə Yeni START müqaviləsində iştirakını dayandırdıqlarını açıqlamışdı.

Rusiyanın Dövlət Duması da fevralın 22-də bu müqavilənin fəaliyyətini dayandıran qanunu qəbul edib.

ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Müqavilələrinin (START 1 və START 2) davamı olan Yeni START sazişi iki ölkə arasında qüvvədə olan son nüvə sazişidir.

Müqavilə uzaqmənzilli nüvə başlıqlarına və raketlərə məhdudiyyətlər qoyur. 2011-ci il fevralın 5-də qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci il fevralın 5-də başa çatıb.

Qeyd edək ki, Rusiya prezidenti 2021-ci il yanvarın 29-da müqavilənin 5 il müddətinə uzadılması barədə qərar imzalayıb. ABŞ administrasiyası da 2021-ci il fevralın 5-də müqavilənin müddətini uzatdıqlarını açıqlamışdı.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova