"Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında həm ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə, həm də panel iclasında Gürcüstan, Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən tədbirdə qətiyyətli şəkildə Azərbaycanın Qarabağ bölgəsindəki gələcək vəziyyət, eyni zamanda bölgədə yaşayacaq erməni əsilli Azərbaycan vətəndaşlarının gələcəyi, taleyi ilə bağlı məsələlərin heç bir halda beynəlxalq gündəliyə daxil olmayacağını, müzakirə predmetinə çevrilməyəcəyini bəyan etdi. Bundan sonra bir çox dairələrdə, xüsusilə də Ermənistanın Qarabağdakı separatçıları əllərində alət edərək, bölgədə yeni situasiya, yeni şəraiti formalaşdırmağı düşünən qüvvələr üçün bu istiqamətdə perspektivlər birmənalı şəkildə bağlanmış oldu. Həm Ermənistandakı ayrı-ayrı qüvvələr, həm də Qarabağdakı separatçılar və dinc sakinlər, Qarabağda ermənilərin mövcudluğunun yeganə yolunun məhz Azərbaycan dövləti ilə, Azərbaycanın müvafiq qurumları ilə əlaqələrin yaranmasından keçdiyini qəbullanmış oldular"
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Anar Əliyev deyib. Politoloq qeyd edib ki, bu gün Ermənistan mətbuatında qeyd olunan sənəd haqda məlumatların verilməsi heç də təsadüfi deyil: 
"Son dövrlərdə baş verən hadisələr, xüsusilə ABŞ-ın Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimləməsi və Cənubi Qafqazdakı proseslərin normallaşması ilə bağlı ortaya qoyduğu fəallıq, bölgədə maraqları olan bir çox dövlətlərin bu günə qədərki mövqelərindən fərqli yanaşmadır. Artıq münasibətlərin tənzimlənməsi, bölgədə əldə olunmuş sülhün möhkəmlənməsi istiqamətində real addımları atılması üçün perspektivlər və inam formalaşdırılıb. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın ardıcıl, dönməz, qətiyyətli mövqeyi də çox mühüm təsirə və aparıcı rola sahibdir. Bundan sonra da Azərbaycan oxşar istiqamətdə fəaliyyətini və diplomatik mübarizəsini davam etdirəcək. Hesab edirəm ki, yaxın dövrdə Qarabağ bölgəsində dinc erməni sakinlərlə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin qurulması istiqamətində ilkin hərəkətliliyi müşahidə edə biləcəyik", deyə politoloq qeyd edib.
Aynurə Demokrat.az


