"Avropa Birliyi Ermənistanın yeni sahibi rolunu oynamaqdadır, yaxud tərsinə desək Ermənistan Avropa Birliyinin simasında özünə yeni sahib axtarışlarındadır. Əvvəllər Sovet İttifaqı dönəmindən bu yana Rusiya bu vəzifəni öz üzərinə götürmüşdü. Uzun illər bu liderliyi Ermənistan sahibliyi üzərində saxlayırdı. Amma Sovet İttifaqı dağıldıqdan, sərhədlər açıldıqdan, xaricdən ermənilər Ermənistandakı ermənilərlə əlaqə qurduqdan sonra ermənilər artıq yeni sahiblər axtarışına çıxdı. Bu dəqiqə ermənilər çox yaxşı başa düşürlər ki, dövr dəyişir, yeni siyasət oyunları çıxır. Belə bir məqamda fürsətdən istifadə edərək, öz tarixi hissiyyatından imtina etmədən hansısa ölkənin torpaqlarını əldə etmək, bir ölkənin içində təxribat yaratmaq olar. Yəni, bu cür fəaliyyətləri həyata keçirmək üçün artıq Avropaya yönəliblər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. Politoloq qeyd edib ki, bütün bunlara Rusiyanın qarşı çıxacağı istisna deyil:
"Uzun illərdən bəri Ermənistanı yaradan, quran, erməni toplumunu idarə edən, Ermənistan iqtisadiyyatını tamamilə əlində saxlayan və erməni xalqını aclıqla üz-üzə qoyan Rusiya niyə istəsin ki, hansısa bir Fransa, yaxud da ki, Avropa müşahidəçisi gəlsin onun planlarını pozsun? Hansı metodları həyata keçirə bilər? Əlbəttə ki, Azərbaycanın təsir mexanizmdən istifadə edərək. Biz bilirik ki, son günlərdə Rusiyadan Azərbaycana təriflər yağdırılır. Lavrov çıxıb Dövlət Dumasından parlament saatında çıxış edərkən Azərbaycanı tərifləyir, Azərbaycandakı rus məktəblərinin, universitetlərinin olmasını yüksək qiymətləndirir. "Bu saatdan sonra Rusiya bizə lazımdırmı?" sualı ortaya çıxır. Bu, başqa bir mövzudur, əlbəttə cavablandırmaq istəmirəm. Amma, Rusiya Ermənistana ciddi şəkildə təsir göstərmək istəyirsə və regionda söz sahibi olmaq istəyirsə, mütləq şəkildə Azərbaycanın tələblərini yerinə yetirməlidir. Zəngəzur dəhlizini, açmaq, Naxçıvanla Türkiyə arasında olan yolu Azərbaycana qədər uzatmaq və Azərbaycanın üzərindən Orta Asiya ölkələrinə açmaq, bütün bunlar hamısı Ermənistana çox ciddi şəkildə təsir mexanizmini meydana gətirə bilər. Amma Rusiya bunu edərmi, etməzmi çox ciddi sual altındadır. Çünki Azərbaycanın arxasında Türkiyə var, Türkiyə də NATO ölkəsi kimi hər zaman Rusiya qarşısında təhdid kimi olub. Rusiya Ermənistanın və Ermənistanın Gümrüdəki rus hərbi birliyindən həmişə NATO üzvü olan Türkiyəyə qarşı istifadə edib. Onun üçün top Rusiyadadır. Artıq Rusiya bu topu necə istifadə edəcək, necə fənd göstərəcək, necə pas verəcək? Onu zamanla müşahidə edək, izləyək ondan sonra şərh edərik", - deyə politoloq sonda fikirlərini yekunlaşdırıb.
Aynurə Demokrat.az


