Bakının Qaradağ rayonunda 1997-ci il təvəllüdlü Əli mübahisə zəminində Ağaxana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 sentyabr 2021-ci ildə rayonun Lökbatan qəsəbəsi “Qobu Park 2” yaşayış kompleksində baş verib. Əli orada tanışı Ağaxan ilə mübahisə edib. Mübahisə zamanı o, Ağaxana bıçaqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park 2” yaşayış kompleksində yaşayır: “Subayam, heç bir yerdə işləmirəm. Sentyabrın 18-də, saat 22 radələrində yaşadığım kompleksin həyətindən yaşadığım evə gedən zaman 4 nəfər tanımadığım oğlanın söhbət zamanı söyüş söydüklərini eşitdim. Onlara dedim ki, məhlədə söyüş söyməsinlər, qadın-uşaq var. Onlar isə cavab verdilər ki, yaxş edib, söyüş söyürlər. Bu zama onlarla mübahisəm düşdü. Onların məni döyəcəklərindən ehtiyyat etdim, əlimdəki idman çantasında olan mətbəx bıçağını özümü qorumaq üçün çıxardım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, elə bu zaman məhəllədən keçən qonşusu Ağaxan araya girib: “Məqsədi bizi aralaşdırmaq olub. Həmin vaxt onlardan birinin üstümə gəldiyini gördüm, həmin şəxsi bıçaqla vurmaq istəyən zaman bıçaq Ağaxana dəydi. Həmin 4 nəfər şəxs dərhal qaçaraq getdilər. Ağaxanın qarın nahiyyəsindən qan axdığını gördüm və onu yoldan keçən tanımadığım şəxsin idarə etdiyi taksi avtomobilinə mindirərək təcili tibbi yardım stansiyasına apardım”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə ehtiyyatsızlıqdan baş verib. Onun sözlərinə görə, qohumları Ağaxanın müalicəsinə kömək ediblər və onunla barışıb.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əli 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Əlinin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi Əlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən ittihama bəraət verilməsini, 126.2.4-cü maddəsini isə həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edilib.
Qərara görə, apellyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Əliyə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilib.
Əlinin barəsində 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
Fariz Məlikli Demokrat.az


