"Dil təkcə ünsiyyət hadisəsi deyil, dil həm də təfəkkür, milli kimlik hadisəsidir. Dil milli varlığı qoruyan əsas dəyərdir. Ona görə də, hər bir millətin dilinin olması, onun qorunması və inkişaf etdirilməsi ümummilli vəzifədir. Azərbaycan dili müstəqil dil kimi formalaşıbdır. Doğrudur, bizim dilimiz tarixən türk dillərinə qrupuna aiddir və ən çox yayılmış türk dillərindən biridir. Təkcə Azərbaycan etnoslar arealında deyil, həm də digər ərazilərdə. Bu gün Azərbaycan dili Konstitusiyamızda milli dil kimi təsbit olunubdur. Bu məsələnin siyasi, hüquqi tərəfidir. Ona görə də, bu dilin dəyişdirilməsi milli kimliyin dəyişdirilməsinə bərabər bir hadisə hesab oluna bilər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat vurğulayıb ki, dünyada türk dilinin Anadolu ləhcəsi ən çox yayılmış türk dilidir və ən çox kütləvi istifadə olunan ünsiyyət vasitəsidir, həm də çox populyar dildir:
"Ancaq buna baxmayaraq dili sadəcə hüquq hadisəsi, konstitusiya hadisəsi kimi təqdim etmək doğru deyil. Azərbaycan dilinin adını dəyişmək istəyənlər özləri bir suala cavab versinlər. Gecə yatanda yuxularını hansı dildə görürlər, yəni xəyalında danışanda hansı dildə, hansı ləhcədə danışırlar? Bəlli olacaq ki, bu artıq sadəcə dilin hüquqi statusuyla bağlı deyil. Bir də bizim genetik kimliyimizlə bağlıdır, hər bir azərbaycanlı gecə yatanda yuxularını Azərbaycan dilində görür. O, heç vaxt 100 il keçsə də, Anadolu ləhcəsində, türk dilində görməyəcək yuxunu. Çünki dil bizim genetik kodumuza işlənmiş bir hadisədir".
Deputat qeyd edib ki, bu gün dilin inkişaf etdirilməsi hamının borcudur:
"Bugünkü yazıçılarımıza baxanda görürük ki, 5-6 min sözdən istifadə olunub. Ancaq Ordubadi və Çəmənzəminli məhz elə Dostoyevski qədər söz ehtiyatı olan və romanlarında təqribən o sayda söz işlədən yazıçılarımızdır. Bu gün əgər Azərbaycan dili ədəbi dil kimi bir qədər məhdudlaşdırılırsa, buna görə hamımız məsuliyyət daşıyırıq. Qaldı ki, Azərbaycan ədəbi dilinin formalaşmasına bu Azərbaycan ədəbi dili Qazax və Şirvan ləhcəsi üzərində formalaşdırılmayıb. Çünki hər iki ləhcə "j" səsi üstündə qurulan ləhcə olduğuna görə bu gün ədəbi dilimzin "j" səsi feillərimizdə demək olar ki, yoxdur. Yəni, ona görə Azərbaycan dili Gəncəbasar, Qarabağ və Naxçıvan ləhcəsi üzərində qurulubdur. Azərbaycan ədəbi dili hər bir region tərəfindən çox gözəl mənimsənilən və istifadə olunan bir hala gətirilibdir. Dilimiz Azərbaycan dilidir, bu dili qorumaq isə hər birimizin borcudur".
Nəzrin Hüseynli Demokrat.az


