Siyasət Özəl

"Ermənistanın dövlət təhlükəsizliyi üçün çox ciddi təhdidlər olacaq" — Politoloq

Ermənistanın dövlət təhlükəsizliyi üçün çox ciddi təhdidlər olacaq — Politoloq

"Azərbaycan-Ermənistan arasında fikir müxtəliflikləri var".

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, Qarabağın dağlıq hissəsindəki separatçılar məsələsində Nikol Paşinyanın verəcəyi töhfə heç nədən ibarətdir:

"Nə separatçıların buradan getməsi, nə Vardanyanın yerinə filankəsin gəlməsi, ya Azərbaycanın kimlərləsə danışıqlar aparmasını Paşinyan həll etmir. Biz Qarabağın dağlıq hissəsindəki məsələni gələcəkdə Azərbaycan və Rusiya münasibətlərindən asılı olan bir kontekstdə təhlil etməliyik. Qaldı Azərbaycan-Ermənistan arasındakı sərhədlərə, bir məqam burada xüsusi vurğulanmalıdır ki, əgər Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımırsa, Azərbaycan və Ermənistan arasında hazırda sülh müqaviləsinin imzalanması və ya buna tələsmək, delimitasiya və demarkasiyaya getməyin bizim özümüzün də lehinə deyil. Ona görə də, əgər Paşinyan bu məsələdə vaxt aparırsa, vaxtı aparmış olsun. Biz bəzən düşünürük ki, bu vaxt aparmaq təkcə Nikol Paşinyanın özündən asılıdır. Amma burada reallıq ondan ibarətdir ki, Qarabağ məsələsində Ermənistan tərəfinin güzəştə getməsinə Rusiya imkan vermir. Məhz Rusiya tərəfi bir neçə dəfə açıqlamalarında Paşinyanı şantaj etdi ki, sən Praqa görüşündə Almatı sazişini dəstəkləmisən. Almatı sazişi Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq deməkdir. Bu bir növ erməniləri yuxudan ayıltmaq deməkdir. İkinci məsələ, Azərbaycan və Ermənistan arasında olan məqamlar və Paşinyanın Avropa İttifaqının xüsusi missiyasının göndərməsidir. Əgər xüsusi missiyanı gətirirsə, gətirsin. Burada Azərbaycanın uduzacağı bir məqam olmayacaq. Əksinə, Ermənistanın dövlət təhlükəsizliyi üçün çox ciddi təhdidlər olacaq".

Nəzrin Demokrat.az

D
demokrat.az