Hadisə Özəl

Azərbaycanda qadınlar arasında dava düşdü — TƏFƏRRÜAT

Azərbaycanda qadınlar arasında dava düşdü — TƏFƏRRÜAT

Sumqayıt şəhərində qonşular arasında mübahisə olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 nömrəli yataqxananın dəhlizində baş verib. Orada yaşayan Arifə şəxsi münasibətlər zəminində qonşusu Aytəkini döyüb.

Arifənin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

İş üzrə izahat verən Arifə bildirib ki, 35 ildir həmin yataqxanada yaşayır: “Aytəkin isə həmin mənzilə yeni köçüb, mənim qonşuluğumda yaşayır. Mən ikinci mərtəbədə, Aytəkin isə birinci mərtəbədə yaşayır. Dekabrın 4-də öd kisəsimdən əməliyyat oldum. Əməliyyat olmam ilə bağlı sənədləri məhkəməyə gətirməsəm də, bildirmək istəyirəm ki, 5 gün xəstəxanada yatmışam”.

Arifə bildirib ki, məlum hadisədən əvvəl qonşusu Aytəkin evinin qapısını döyüb: “Bizdən gələn kanalizasiya xəttinin onun evindən keçdiyini və kanalizasiyanın qoxusunun ətrafı bürüdyünü bildirdi. Bundan sonra bir qonşu kimi kanalizasiya işçilərini çağırdım, kanalizasiya borusunu təmizlətdirdim və borunu ümumi xətdən ayıraraq yeni xət çəkdim. Lakin bundan sonra da Aytəkin gəldi, qapını döyərək məni çağırdı. Mən isə Aytəkinə öz iradımı bildirdim və əlavə olaraq da kanalizasiya borusunu dəyişdirdiyimizi, bizdən əl çəkməsini söylədim. Mənim Aytəkinlə yalnız söz mübahisəm olub. Aytəkinə heç bir xəsarət yetirməmişəm. Əksinə Aytəkin tez-tez qapımıza gələrək, bizi narahat edib”.

Arifə deyib ki, iş materiallarına əlavə olan ekspert rəyinin yalan olduğunu, Aytəkinə toxunmadığını bildirib: “İstəsəm belə Aytəkinə xəsarət yetirə bilmərəm. Çünki əməliyyatdan yeni çıxmışam”.

Aytəkinin sözlərinə görə, qonşusu Arifə adlı qadının kanalizasiya borusu onun kanalizasiya borusuna birləşdiyi üçün dəfələrlə xətlərin ayrılması üçün qonşusuna müraciət edib: “Lakin Arifə sözlərimə məhəl qoymadığı üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Arifə dəhlizdə mənə yaxınlaşaraq üstümə qışqırdı. Onu narahat etməməyimi bildirən anda Arifə hər iki ayağıma təpiklə vurdu. Daha sonra Arifə öz hərəkətlərini davam etdirərək, üstümə gəldi. Mən qorxduğum üçün geri çəkildim və pilləkanın yanında durdum. Bu zaman Arifə sinəmdən itələdi. Mən özümü saxlaya bilmədim, yerə yıxıldım və belim dəmirlərə dəydi”.

Aytəkin deyib ki, daha sonra bu bərədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurub və hadisə barədə məlumat verib. O, Arifədən şikayətçi olduğunu deyib.

Arifənin barəsində tərtib olunmuş inzibati protokola Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Hakim Ramiz Quliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, Arifə 300 manat miqdarında cərimə olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az