"Avropa müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi vəziyyəti birmənalı şəkildə gərginləşdirir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Azərbaycan birmənalı olaraq bu cür müşahidəçilərin göndərilməsinə etirazını bildirib:
"Bu addımın Ermənistan-Azərbaycan münasibətlərinə müsbət bir təkan verəcəyini güman etmirəm. Hesab edirəm ki, bu, Avropa və Rusiya münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxaracaq. Çünki Rusiya hesab edir ki, bu münaqişənin guya sona getməsində onun böyük rolu olub. Yəni, 2020-ci ildə 10 noyabr tarixində Rusiya-Azərbaycan-Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb. Moskva da hesab edir ki, regionda əsas oyunçu, vasitəçi və əsas güc mərkəzi Rusiyadır. Heç bir qüvvə bura müdaxilə edə bilməz. Əgər Avropa həqiqətən də, bu münasibətlərin yaxşılaşdırılmasında maraqlıydısa, onda başqa bir yolla getməli idi. Ora jandarmaları göndərməklə məsələ həll olunmur və münasibətlər birmənalı şəkildə müsbət istiqamətdə inkişaf etməyəcək. Ukraynaya görə Rusiya- Avropa münasibətləri onsuz da gərgindir. İndi isə Cənubi Qafqaz yeni bir nöqtədir və burada bunların münasibətləri daha da gərginləşəcək. Bu, artıq diplomatik siyasi müstəvidə də öz əksini tapıb. Bunlar çıxış edirlər, bəyanatlar verirlər və s. Mən heç şübhə etmirəm ki, hansısa təxribatlar da törədilə bilər. Çünki rus sülhməramlıları Azərbaycan torpağına müvəqqəti gəliblər".
Aynurə Demokrat.az


