Ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələdə binaların dağılması nəticəsində ölənlər və yaralananlar oldu. Azərbaycanın da seysmoloji zonada yerləşməsi hər an bu cür arzuolunmaz hadisələr baş vermə ehtimalını artırır. Paytaxtda çoxsaylı binaların sıx tikilməsi, onların seysmoloji cəhətdən davamlılığı sual doğurur. Görəsən yaşadığımız evlər, paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar, Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binalar zəlzələ qarşısında duruş gətirə bilərmi?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Azərbaycanda bəzi binalar hələ də Fövqəladə Hallar Nazirliyinin müvafiq rəylərini almayıblar. Onun sözlərinə görə, həmin binalar məhz bu səbəbə görə çıxarışla da təmin olunmayıb:
"Məlum olduğu kimi, Prezidentin çoxmənzilli binaların çıxarışla təmin olunmasına dair sərəncamından sonra bir sıra binalar çıxarışla təmin edildi. Lakin ciddi nöqsanları olan, xüsusilə seysmoloji cəhətdən tələblərə cavab verməyən binalara dair rəylər verilmədi və onlar dövlət qeydiyyatına alınmadı. Təxminən 30-a qədər belə bina var. Onlara dövlət qeydiyyatı ilə bağlı rəylərdə göstərilib ki, seysmoloji cəhətdən müvafiq bərkitmə işləri aparılmalıdır. Binalar texniki normalara uyğun aparılmalı və ən azı 10 ballıq şkalaya cavab verməlidir.
Diqqət edirsinizsə, Türkiyədə uçan binaların böyük əksəriyyəti 4-5 mərtəbəli binalardır. Bunlar çox normativ qaydalar uyğun olmayan binalardır. Son vaxtlar Bakı şəhəri və Abşeronda apartman tipli belə binalar tikilməkdədir. Bunlar 4-5 olmaqla, fərdi yaşayış binalarının üzərində tikilir. Yəni, icra hakimiyyətindən sadəcə sərəncam alınır və seysmoloji göstəriciləri nəzərə alınmadan inşa edilir".
Ekspertin sözlərinə görə, yeni çoxmənzilli binalarla yanaşı, köhnə mənzilli binalara da diqqəti artırmaq lazımdır:
"Bu gün paytaxtda istismarı başa çatmış müəyyən binalar var ki, gücdə zəlzələ baş verərsə, dağıntılara məruz qala bilər. Məlum olduğu kimi, 2000-ci ilin zəlzələsində bu tipli binalar müəyyən dayanıqlılıq nümayiş etdirdi. Amma artıq üzərindən 20 il keçib və bəzi binalarda dayanıqlılıq tədricən aradan qalxmaq üzrədir. Xüsusən də, onların özül hissələri, yaxud da vətəndaşlarmız təmir zamanı daşıyıcı divarlarda daşıyıcı sökülür. Bu da binanın dayanıqlılığını tədricən aşağı salır. Ümumiyyətlə, binalar tikilərkən, zəlzələyə davamlılığı mütləq nəzərə alınmalıdır. Hər bir bina tikilərkən Azərbaycanda əsas tələblərdən biri həmin binanın 10 ballıq şkalaya tam davam gətirilməsinə hesablanmalıdır". 






