“Artıq hər kəs dərk edir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tutur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Yusif Bağırzadə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin I iclasları haqda danışarkən deyib.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olduğunu qeyd edən ekspert əlavə edib ki, bu layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında “Cənub Qaz Dəhlizi” layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb:
"Bu bəyannamə layihənin icrasının başlanğıc mərhələsi sayılır. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb".
Politoloq qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: 
"Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu xüsusi olaraq qeyd olunmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Yəni, Cənub Qaz Dəhlizi ideyası məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb”, - deyə politoloq sonda fikirlərini yekunlaşdırıb.
Nəzrin Hüseynli Demokrat.az


