Gündəm Özəl

"Azərbaycanın Qərblə də, Rusiya ilə də dil tapmaq təcrübəsi var" — Analitik

Azərbaycanın Qərblə də, Rusiya ilə də dil tapmaq təcrübəsi var — Analitik

"Rusiyanın və Qərbin Qarabağa münasibət konteksti məzmun cəhətdən fərqli olsa da, forma etibarı ilə eyni hədəfə vurur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.

Analitikin sözlərinə görə, ABŞ insan hüquqları tezisləri ilə dünyaya hökmranlıq edir:

"Yəni, bu mövzu Vaşinqtonun bəşəriyyətdəki hegemonluğu üçün bir vasitədir. Ona görə də, ABŞ, erməni amili mövzusunda insan haqları mövzusunu qabardır və söykəndiyi bəhanələri həqiqət kimi sırımağa çalışır. Rusiyanın şişib böyümək siyasətində insan hüquqları mövzusu demək olar ki, aktual deyil, Kreml köhnə üsulları, hərbi mövcudiyyəti artırmağı daha məqbul sayır. Strateji xətlərdəki fərqliliyə rəğmən ABŞ da, Rusiya da Qarabağ məsələsində Azərbaycanın daxili siyasi-təhlükəsizlik orbitindən çıxarmağa cəhd edir. Etiraf etmək lazımdır ki, bu cəhdlər onlara fayda da gətirir, çünki Azərbaycan istər-istəməz Qarabağda açıq qalan sualların cavabını xarici siyasətə proyeksiya etmək məcburiyyətində qalır. Bununla belə, Azərbaycanın strateji aktivləri azalmayıb və ya zəifləməyib və onun Qərblə də, Rusiya ilə də dil tapmaq təcrübəsi var. Bu təcrübələr indinin özündə də istinad nöqtəsidir, lakin problem böyüdükcə, həmin nöqtə ilə yola çıxmaq çətinləşir".

Müsahibimiz qeyd edib ki, regionda indi hibrid müharibə gedir, əsas diqqətlər ABŞ-Britaniya ikilisinin və Rusiyanın maraqları kontekstinə yönələ bilər:

"Fikrimcə, üzdə çox da nəzərə çarpmayan bu amil regional mühiti qaynadır, lakin tərəflər bəyanatları ilə mübarizənin əsl məqsədlərini gizlətməyə çalışırlar. Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında bitərəf kimi qalmağa çalışır, əslində onun danışıqlardakı yeri Rusiyanı da narahat etmir. Bunu dəfələrlə demişəm, Rusiyanı həyəcanlandıran Avropa İttifaqının ABŞ-Britaniya təzyiqi ilə regiona daxil olmasıdır. Fransaya gəlincə, o da bu oyunda özünü İttifaqın yanında göstərməyə cəhd etsə də, onun əslində Rusiyanın tərəfində dayandığını hesablamaq çətin deyil".

"Ruben Vardanyana gəldikdə isə o, böyük okeanda bir damladır. Rusiya da, Qərb də həmin milyaderə yağlı tikə kimi baxır. Axı Vardanyan Rusiya ilə Qərbin qeyri-leqal əlaqələrindəki açardır. Beləliklə, Vardanyan Rusiya üçün strateji layihə, Qərb üçün isə taktiki projedir. Vardanyan mövzusunda Qərblə Rusiyanı ayıran məsələ onun Ermənistanda hakimiyyət rıçaqlarına yiyələnməsi üçün məşqlərə cəlb edilməsidir. Rusiya Vardanyanı Gürcüstandakı Bidzina İvanaşviliyə oxşatmaq üçün addımlar atır. Nikol Paşinyan da, Qərb də bundan narahatdır, çünki Vardanyan İrəvanın başı üzərinə qalxan “boz kardinal” olmağa namizəddir. Hesab edirəm ki, Paşinyan Vardanyanın özü üçün başağrısına çevrildiyindən daha çox narahatdır, nəinki onun Qarabağdakı qeyri-leqal fəaliyyətindən. Düzdür, Paşinyanın beyni dərk etmək gücündədir ki, Qarabağ mövzusu artıq Azərbaycanın əlində cəmləşib və yerdə qalan qıfıllara da açarı Bakı salacaq. Lakin yaranan gərginlikdən faydalanmaq xisləti Paşinyana yad deyil, bu mənada onun sırf “Qarabağ və Vardanyan” mövzusundakı açıqlamalarından hiyləgər motivlər də axtarmaq olar,"- deyə analitik sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı

NE
Nihadə Eyyubova