"Məktəblərdə dini dərslərin keçirilməsini istərdim".
Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, burada bir sıra nüanslar mövcuddur:
"Ən başlıcası, həqiqətən bu dərsləri kimlər keçəcək? Həmin yazılacaq, çap olunacaq kitaba uyğun olaraq dərslər keçəcəklərmi? Şagirdlərin verəcəkləri suallara uyğun cavablar verəcəklərmi? Bu, əslində sual altında olan bir məsələdir. Digər məsələ, bu gün dini dərsləri keçəcək kifayət edəcək müəllimlərimiz varmı? Bu gün Azərbaycan İlahiyyat institutu fəaliyyət göstərir. Amma, sabah həmin İlahiyyat İnstitutunu bitirənlərin özləri artıq kamil, yetkin, düzgün bilgi verəcəklərmi? Bu gün Türkiyədə iki seçməli fənn var: ya Quran, ya da peyğəmbərin həyatı öyrədilir. Orada dərs deyənlər də ilahiyyatı bitirən insanlardır və dərs vəsaitindən kənara çıxma imkanları yoxdur. Ümumiyyətlə, Türkiyədə oturuşmuş məzhəb anlayışı var. Bizim kimi şiəlikdir, sünilikdir anlayışları, bunların müzakirəsi, etirazları, tənqidləri, bəzən də təhqirləri bizimlə müqayisə ediləcək səviyyədə deyil. Demək olar ki, 99 faizi eyni məzhəbin nümayəndələridir". 
"Hesab edirəm ki, bundan əvvəl bu məsələlər müzakirəyə çıxarılmalıdır. Bu gün məktəblərdə "Həyat bilgisi" adlı dərs vəsaiti keçirilir. Orada müəyyən dinlərlə bağlı məlumatlar verilir. O zaman çox tənqidi yazı yazmışdım. Həmin vaxt təhsil naziri Misir Mərdanovla görüşdüm, ona iradlarımı bildirdim. Bu iradlar nazir tərəfindən müsbət qarşılandı və düzəlişlər edildi. Təsəvvür edin ki, edilməsəydi nə olacaqdı? Uşaqlarda bir sıra suallar olacaq. Bəs, o suallara valideynlərin münasibəti necə olacaq? Ona görə də, belə bir şey olacaqsa, geniş müzakirəsinə ehtiyac var".
Aynurə Demokrat.az


