İşğaldan azad olunmuş ərazilərimizdə erməni vandallarının törətdiyi ekoloji terrorlar arasında su mənbələrimizin korlanması, meşələrimizin qırılması, regionun ekoloji tarazlığının pozulması da durur. Bu bir faktdır ki, ermənilər işğaldan azad edilmiş torpaqlarımızda kütləvi ekoloji terror törədiblər. Nadir ağac və bitki növləri, o cümlədən çinar və şam meşələri, hətta vəhşi heyvanlar belə məhv edilib. Bir sözlə, işğaldan azad olunmuş ərazilərimiz tamamilə tanınmaz hala salınıb. Qeyd edək ki, döyüş mövqelərində səngərlərin qazılması, oyuq və sığınacaq yerlərinin qurulması, torpaqlara minaların basdırılması bu ekoloji fəlakətin sərhədlərini daha da genişləndirib. Nəticədə torpaq quruluşunda baş verən müəyyən dəyişikliklər yağışlı havalarda sürüşmələrə və erroziyalara səbəb olmuşdur. İşğaldan azad olunmuş ərazilərdə aparılmış monitorinq və müşahidələrə əsasən dəqiqliklə deyə bilərik ki, həmin ərazilərimizdə bütün yaşayış binaları, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılmış, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilmiş, bəzi yerlərdə isə ərazilər tamamilə yandırılmışdır. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilmişdir.
İşğaldan azad edilmiş ərazilərimizdəki vəziyyətlə bağlı danışan ekoloq Xosrov Musayev deyir ki, ermənilərin uzun müddət Azərbaycan torpaqlarını istismar etməsi, təbiətə qarşı amansız hərəkəti ekoloji tarazlığın pozulması ilə nəticələnib. Ekoloqun sözlərinə görə, Qarabağ ərazisində təbiətin məhv edilməsinin iqlimə böyük təsirləri olacaq: “Qarabağ ərazisində su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması taktikası, Ermənistanın ekoloji terror siyasətinin əsas elementlərindəndir. Qeyd edim ki, Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə və bütövlükdə, regionun ekoloji durumuna olduqca mənfi təsir göstərib. Məsələn, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etdi. Bununla da, Şuşa meşələrinə və digər ərazilərimizdə olan meşələrimizə sağalmaz yaralar vurdu. Ümumiyyətlə, meşələrin qırılması iqlimə ciddi təsir edir. Çünki meşələrin qırılması zamanı buxarlanma artır və yağıntının miqdarı azalır. Meşələrin bərpası isə uzun prosesdir, yəni çox gec əmələ gəlir. Dağlıq ərazilərdə isə ağac əkmək çətin bir prosesdir, əslində isə təbiətin işinə müdaxilə etməsən, təbiət özü bunu bərpa edir”.
Ekoloqun fikrincə, Azərbaycan dövləti ekologiyanın bərpası üçün mühüm işlər görməkdədir:
“Bildiyiniz kimi, qoruqlar yaradılır, milli parklar salınır. Bunlar da, ətraf mühitin qorunmasına çox müsbət təsir göstərir. İşğaldan azad olunmuş ərazilərimizin bərpası üçün xeyli zaman lazımdır, çünki orada ekologiyanın bərpasına xeyli vəsait xərclənməlidir. Ermənilərin ekoloji terroru bütünlüklə ekosistemə təsir edib. Bu da təkcə Cənubi Qafqaza deyil, ümumilikdə qlobal problemdir. Hər hansı regionda suyun, meşələrin qırılması digər regionlara da, ümumən dünyaya təsir göstərir. Biz elə ərazidə yerləşirik ki, burada quraqlıq çoxdur və get-gedə də dünyada qlobal istiləşmə gedir. Ancaq meşələr çox olanda onların təsirləri də azalır. Ermənilər bizə ekologiya ilə bağlı çox güclü zərbələr vurublar. Mən Ağdamda olmuşam, düz Əsgərana kimi getmişik və orada ictimai monitorinq keçirmişik. İnanın ki, ağac demək olar ki, qalmayıb. Təkcə Şahbulaq ərazisində bir neçə eldar şamı qalıb, qalanların hamısı məhv edilib. Özləri qəsdən ediblər ki, burada insan yaşamasın. Ərazidə səhralaşma prosesi getsin. Çünki onu bərpa etmək çox çətindir”. X.Musayev diqqətə çatdırıb ki, ekologiyanın bərpasında vətəndaşlar aktiv olmalıdırlar:
“Biz də bir problem olan kimi onu atırlar dövlətin üzərinə. Dövlət bu qədər problemin içində bunun öhdəsindən gəlməsi mümkün deyil. Şəxsən təklif edirəm ki, hər bir idarədə, təşkilatda işləyənlər bir ağac əksinlər. Görün o zaman nə qədər ərazi bərpa oluna bilər. 10 milyon insan hərəsi bir ağac əksə, töhfə versə, ölkəmiz də gözəlləşər. Fikrimcə, bunu hərəkata çevirmək lazımdır. Ağacları əkməklə, həm də gələcək nəsillərin qayğısına da qalırıq. Ekologiya elminin də məqsədi ondan ibarətdir ki, təbiəti qoruyub saxlamaq, onun gələcək inkişafına dəstək verməkdir. Bu gün Xankəndi-Şuşa yolunda aksiya keçirilir. Heç bir döyüş əməliyyat keçirmədən vətəndaşlarımız Azərbaycanın sərvətlərinin qarət olunmasının qarşısını alırlar. Hesab edirəm ki, belə hərəkatlarla insanların böyük fəaliyyəti ola bilər. Biz bu torpağın vətəndaşıyıqsa, vətəndaş kimi bu işləri görməyə borcluyuq”.
Milli Məclisin deputatı Arzu Nağıyev isə bildirib ki, erməni terrorçuları Azərbaycan torpağında 30 il ərzində insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerlə-yeksan etməklə kifayətlənməyib, eyni zamanda ərazilərimizdə amansızcasına ekoloji terror törədiblər: “Sirr deyil ki, Qarabağ və ətraf rayonların uzunmüddət işğal altında saxlanılması nəticəsində erməni vandalları orada bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə ciddi ziyan vurublar. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, eləcə də yeraltı və yerüstü təbii sərvətlərin məqsədyönlü şəkildə talan edilməsi nəticəsində ərazilərimizdə ekoloji tarazlıq pozulub. Kəlbəcəri, Ağdamı və Laçını tərk edərkən mənfur, amansız düşmənin meşələri necə qəddarcasına yandırdığının şahidi olduq. Həmçinin, ermənilər öz xəyanətkar əllərini çaylarımıza da uzatdılar. Belə ki, onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etdilər, onların avadanlığını isə söküb apardılar. Hər kəsə bəllidir ki, Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirməklə məşğuldur və bu da çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir. Çox təəssüf ki, bu şirkətlərin önündə Fransa şirkətləri durur və onlar Azərbaycan sərvətlərinin talan edilməsində canla-başla erməni "bacı"larına yaxından köməklik göstərirlər. Bu faktı da qeyd edək ki, Fransa işğal altındakı ərazilərimizi talayanda, Azərbaycan ümumbəşəri dəyərlər prinsipindən çıxış edərək Notr-Dam kilsəsinin təmiri, bu ölkədəki tarixi abidələrin bərpası ilə məşğul olurdu”. Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsindən indiyədək, Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti var: “Fransa daim Ermənistana yardım edir və onun torpaqlarımızı zəhərləmiş mina terroruna göz yumur. Nə üçün? Çünki Fransa da Ermənistan qədər Azərbaycanın ekologiyasına ziyan vurulmasında günahkardır. Bunlarla yanaşı, Rusiyanın da burada böyük "pay"ı var. Bu gün ekofəallarımız Xankəndi-Şuşa yolunda qışın soyuğuna baxmayaraq, etiraz aksiyalarını davam etdirirlər. Bir aydan çoxdur ki, ekofəallarımızı rus sülhməramlıları həmin ərazilərə buraxmırlar. Təəssüf ki, rusiyalı sülhməramlılar ermənilərə dəstək nümayiş etdirirlər. Əlbəttə ki, gec-tez həqiqət üzə çıxacaq və o zaman ermənilər Azərbaycana vurduqları ziyana görə təzminat ödəyəcəklər”.
Deputat onu da qeyd edib ki, vaxtilə Qubadlı rayonunun Bərgüşad və Həkəri çayları farel balıqlar məskəni olub: “Təəssüf ki, ermənilər işğal dövründə tonlarla farel balıqları müxtəlif üsullarla talayaraq, İrəvana, Qafana, Gorusa və digər rayonlara daşıyıblar. Təbii ki, erməni faşistlərinin, vandallarının dağıtdığı ərazilərimizi yenidən quracağıq, onların vurduğu “yara”ları da sağaldacağıq. Meşələri bərpa edəcəyik, yeni bağlar salacağıq, çaylarımızın suyundan bəhrələnəcəyik. Bu gün Prezidentimizin başlatdığı böyük işlər uğurla davam edir. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu regiona səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinar ağacları əkdilər və Bəsitçaya xırda balıqları buraxdılar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl Marafon” çərçivəsində Zəngilan rayonunda meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutdu. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə ekologiyanın bərpası istiqamətindəki işlər bundan sonra da uğurla davam etdiriləcək”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb