Gündəm Özəl

"Elə müğənnilər insanları düz yola, mənəviyyata səsləyir ki, onların buna mənəvi haqqı yoxdur" — Deputat

Elə müğənnilər insanları düz yola, mənəviyyata səsləyir ki, onların buna mənəvi haqqı yoxdur — Deputat

"Gənclərin nəsihətlərə daim ehtiyacı var. Tanınmış insanların, dünyagörüşü olan, dünyanın reallıqlarından baş çıxaran hər bir insanın gəncliyə məsləhət verməsi, onları düzgün istiqamətləndirməsi gələcək üçün, həm də gənclərin öz həyatları, fəaliyyətləri üçün çox faydalıdır. Qardaş Türkiyədə tanınmış müğənnilərin belə nəsihətlər verməsi sözsüz ki, bizim türk qardaş və bacılarının, türk gənclərinin daha yüksək mənəvi keyfiyyətlərlə zəngin olmasına istiqamətləndirilib. Ancaq nəsihət, məsləhət verənin buna özünün mənəvi haqqı olmalıdır. Hesab edirəm ki, nümunəvi həyat yolu keçmiş hər bir şəxs gənclərə örnək ola bilərlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, heç bir əmək fəaliyyəti olmayan və mənəviyyatca qüsurlu olan insanların televiziyadan, informasiya şəbəkələrindən gənclərə tövsiyələr verməsi düzgün deyil:

"Bunlar çox bayağı görünür, həm də bu, qəbulolunan deyil. Çünki bu adamları tanıyırlar və onların hərəkətlərini bilirlər. Belə olan halda, bu cür adamların nəsihətləri və məsləhətləri nə ola bilər? Mən müəyyən məsələlərə təəssüf edirəm və bilavasitə qəlbən ağrıyıram. Bir çox hallarda bizim televiziyalarda elə sənət adamları, müğənnilər çıxıb insanları düz yola, mənəviyyata səsləyirlər, onlara məsləhətlər, nəsihətlər verirlər ki, həmin adamların buna mənəvi haqqı yoxdur. Tərbiyəli, mənəviyyatlı, yüksək əxlaqi, milli-mənəvi dəyərlərə malik olan adamların məsləhətləri önəmlidir, keçərlidir. Onlar gənclərə təsir göstərə bilərlər. Azərbaycan gəncliyi bu gün sağlam gənclikdir. Əlbəttə ki, onların ağsaqqal-ağbirçək mənəvi cəhətdən kamil olan insanların məsləhətlərinə, nəsihətlərinə ehtiyacı var".

Deputat daha sonra bunları əlavə edib:

"Bizim tanınmış sənət adamlarımız çoxdur. Rasim Balayev kimi görkəmli aktyorumuz var, Zeynəb Xanlarova kimi dünyaşöhrətli müğənnimiz var, Arif Babayevimiz, Mənsum İbrahimov və digər sənət adamlarımız var. Onlar öz keçmişləri ilə, öz fəaliyyətləri ilə bu gün hər bir insana örnək, nümunə ola bilərlər. Sözsüz ki, belə adamlar tez-tez televiziya ekranlarına çıxarılmalıdır. Onlar gəncliyə öz məsləhətlərini verməlidirlər. Son vaxtlar Hacı Əbdülün nəsihətləri, onun sənətkar haqqında, bizim poeziyamız haqqında söylədikləri həqiqətən də, belə qürur doğurur ki, bu insanlar bizim sənətimizi, gələcəyimizi görürlər. Bu sahədə çalışan gənclərin gələcəyini görürlər, onlara doğru yol göstərirlər ki, kamil sənətkar olsunlar. Onlar nümunəvi sənət əsərlərini ekrana gətirməklə, insanlarda vətənpərvərlik, humanistlik, yüksək insani keyfiyyətlər aşılamış olsunlar".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova