Taekvondo üzrə yeniyetmələr, gənclər arasında ölkə birinciliklərinə və böyüklər arasında ölkə çempionatına yekun vurulub.
Demokrat.az-ın xəbərinə görə, budəfəki yarışlarda rekord sayda idmançı iştirak edib.
Belə ki, 885 taekvondoçunun qatıldığı çempionat və birinciliklərdə ən güclülər müəyyənləşməklə yığma komandaların tərkibinə daxil ediliblər.
Yeniyetmələrin yarışında 20 çəki üzrə 421 idmançı mübarizə aparıb. Gənclərin yarısında eyni sayda çəki dərəcəsində 340 taekvondoçu ölkə birinciliyində iştirak edib. Böyüklər Azərbaycan çempionatında isə 126 iştirakçı 14 çəki dərəcəsində qüvvəsini sınayıb.
Beş gün davam edən yarışların sonunda Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzi komanda hesabında 1-ci olub. Ağcabədi və "Xəzər" Taekvondo Klubu ilk üçlüyü tamamlayıblar. "Təhsil" RİM (Sumqayıt) 4-cü, "Qafqaz" Taekvondo Klubu 5-ci yerə layiq görülüblər.
Yarışların "ən yaxşı kişi idmançısı" Səyyad Dadaşov, "ən yaxşı qadın idmançı"sı Minayə Əkbərova seçilib. Zöhrab Ismayilov və Günay Zeynalova "ən yaxşı məşqçi" adına layiq görülüblər.
Zamiq Demokrat.az


