Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin oktyabrın 6-da baş verib. Səlim arvadı ilə aralarında yaranan münaqişə zamanı onu döyərək, müxtəlif dərəcəli xəsarətlər yetirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səidə ilə 2014-cü ildə ailə həyatı qurub və birgə nikahlarından 2 azyaşlı övladları var: “Ailə qurduqdan sonra əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan xasiyyətlərimiz uyğun gəlmədiyi üçün tez- tez aramızda narazılıq olub. Sonuncu dəfə hadisə baş verən günü, təxminən saat 18.00-da işdən çıxaraq evə gəldim. Evdə Səidə mənə saat 16.00-da işdən çıxdığımı, hara getdiyimi, nə üçün evə bu vaxt gəldiyimi bildirdiyi üçün aramızda mübahisə yarandı. Səidə məni əsəbləşdirdiyi üçün başına əlim ilə bir neçə dəfə vurdum. Səidə mənə evdən çıxmağımı, hara istəyirsən getməyimi, daha mənimlə yaşamaq istəmədiyini bildirdi. Bunun üçün əsəbləşərək Səidəni döşəməyə yıxdım. Sonra ona “evdən özün çıx, hara istəyirsən, rədd ol” dedim”.
Təqsirləndirilən şəxs deyib ki, mübahisə zamanı əlindəki siqaret Səidənin sifətinin sol yan tərəfinə dəydiyi üçün o qışqırıb: “Mən də kənara çəkildim. Sonra Səidə 102 xidmətinə zəng edərək onu döyməyimi bildirdi”. Cinayət işi üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, ailə qurduqdan sonra onların yaxşı münasibətləri olub: “Sonradan Səlim başqa qadınlarla görüşdüyü üçün aramızda ailə məişət zəminində dəfələrlə münaqişə oldu və məni döydü. Sonuncu dəfə hadisə günü. saat 16.00-da Səlimə zəng etdim. Amma Səlim zənglərimə cavab vermədiyi üçün onun iş yoldaşı Əliyə zəng etdim. Ondan Səlimin harada olmasını soruşdum. İş yoldaşı da Səlimin saat 16.00-da işdən çıxaraq getdiyini, lakin hara getdiyini bilmədiyini dedi”.
Səidə qeyd edib ki, təxminən saat saat 18.00-da yaşadıqları evdə olan zaman darvazanın bərkdən döyəcləndiyini eşidib və qapını açıb: “Səlim evə gəldi. Evdə olan zaman Səlimə saat 18.00-dir, saat 16.00-da işdən çıxdığını niyə evə indi gəldiyini bildirdim. Səlim isə guya Əlinin işini bitirmək üçün getdiyini dedi. Mən də ona yalan danışdığını, özümün Əli ilə danışdığımı, onun yanında olmamasını bildirdim. Bu zaman Səlimə onunla yaşamaq istəmədiyimi, paltarlarını da götürərək hara istəyir getməsini və onun kimi ailə mənə lazım olmadığını dedim. Bu sözümdən sonra Səlim əsəbləşdi. Üstümə gələrək məni yumruqla başıma bir neçə dəfə vurdu. Mən də ona “istəyirsən məni öldür, xeyiri yoxdur, onu bağışlamayacağımı, hara istəyirsə getməsini, kiminlə yaşayırsa yaşamasını və məni narahat etməməsini” bildirdim. Səlim isə saçımdan tutaraq döşəmənin üzərinə yıxaraq sürüdü. Həmin vaxt Səlimin əlindəki siqaret sifətimin sol yan tərəfinə dəydiyi üşün sifətimə xəsarət yetirdiyi üçün qışqırdım. Bu zaman Səlim geri çəkildi”.
Zərərçəkmiş bildirib ki, hadisə ilə bağlı Səlimin onu döyməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib, sonra isə polis bölməsinə gələrək bu barədə ərizə yazıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səlim 1000 manat miqdarında cərimə cəzasına məhkum olunub. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb.
Fariz Məlikli Demokrat.az


