Sosial Özəl

"İnsanlar işsiz qaldıqda ən əsas yol kimi uşağa baxmağı seçirlər" — Psixoloq

İnsanlar işsiz qaldıqda ən əsas yol kimi uşağa baxmağı seçirlər — Psixoloq

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” sığınacağında “Totu” ləqəbli uşaq ölümə tərk edilir. Neçə vaxtdır qapadılması barədə qərar verilən, hələ də istintaqı bitməyən sığınacaqda özbaşınalıq davam edir. Bu dəfə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial hesabında “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını bildirib. O, sığınacaqda yaşayan sağlam bir uşağın 2 il ərzində döyülərək nə hala düşməsi barədə paylaşım edib və ölümə tərk edilən “Totu” ləqəbli uşağın xilas edilməsi üçün dövlət qurumlarına çağırış edib. Aparılmış araşdırma zamanı məlum olub ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı. İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi. Araşdırmaya görə ,əslində sözügedən sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.Nə cinayət işi açılan sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına verilib, nə də qalmaqallı məsələdə adı hallanan Könül Qasımova istintaqa cəlb olunub.

Psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında bildirib ki, dayələrin və uşaqlara xidmət edən personalların bu cür hərəkətləri yolverilməzdir. O, qeyd edib ki, insanlarda bu cür aqressiya artıq ciddi psixoloji problemlərin olmasının göstəricisidir:

"Bu ciddi psixoloji problemlər gələcəkdə daha ağır fəsadlar verməsin deyə, indidən bir sıra tədbirlər görülməlidir. Bu tədbirlərin içində uşaqlarla işləyən kollektivlərlə bağlı artıq ciddi tədbirlərin görülməsinə ehtiyac var. Onlar psixoloji testlərdən keçməlidirlər və psixoloq rəyindən sonra işə başlamalıdırlar. Bu rəyi verən psixoloq da məsuliyyəti daşımalıdır. Psixoloq rəyi 6 aylıq və ya 1 illik olmalıdır. Onun məsuliyyəti, uşaqlarla işləmək davranışı, qıcığa qarşı reaksiyası yoxlanılmalıdır. Fors-major, stress vəziyyətində davranışı yoxlanılmalıdır və lisenziya şəklində verməlidir ki, həqiqətən bu adam stressli vəziyyətdə uşaqlarla işləyə bilər. Gözləmək lazım deyil ki, hər hansı bir ağır cinayət baş versin".

Psixoloq əlavə edib ki, insanlar işsiz qaldıqda ən əsas yol kimi uşağa baxmağı seçirlər:

"Onlarla ünsiyyət zamanı görürlər ki, bu çox da asan bir şey deyil. Əgər adam psixo həssasdırsa, aqressiyasını uşağa göstərəcək. Ona görə də, valideynlər dayə seçərkən yaxşı olardı ki, psixoloq yanına göndərsinlər. Yaxud da, dayələr nəzarət də olsun və kamera qoysunlar. Düşünürəm ki, dayələrlə və uşaq bağçaları ilə bağlı ciddi işlər görülməlidir".

Aynurə Demokrat.az

D
demokrat.az