"Azərbaycan Ekologiya və Təbii sərvətlər Nazirliyinin monitorinq qrupu və Qeyri Hökumət Təşkilatları fəallarının Laçın dəhlizi vasitəsi ilə Xankəndi istiqaməti və ermənilərin müvəqqəti olaraq yaşadığı ərazilərə buraxılmamasının çoxsaylı səbəbləri var".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloq qeyd edib ki, əsas səbəb rus sülhməramlı kontingentinin rəhbərliyi və qondarma respublikanın başçılarının orada törətdikləri talan və ekoloji terrorizm hərəkətlərinin Azərbaycan tərəfindən müəyyən olunub dünya ictimaiyyətini çatdırılması qorxusudur: "Qeyd etdiyim qüvvələr bilirlər ki, onların beynəlxalq hüquqa zidd hərəkətləri sonlarına gətirib çıxaracaq və dəhlizə girişi bağlamaqla Azərbaycan fəallarının qarşısını ala biləcəklərini hesab edirlər. Erməni separatçıları bu işdə onları dəstəkləyən xarici qüvvələrin yardımından istifadə etməyə çalışır. Onlar bütün dünyaya yalvarırlar ki, Azərbaycan bizi blokadada saxlayır. Əslində isə Azərbaycan fəalları və dövlət qurumlarının sadəcə bir məqsədi var: öz torpağına keçmək və orada baş verən hadisələr haqqında ətraflı məlumat almaq. Ruslar isə azərbaycanlılardan başqa bütün dünyadan gələn nümayəndələri, hətta İrandan olan terrorçu qrupu ora buraxır və bizə mane olmağa çalışır. Təbii ki, buna nail ola bilməyəcək. Biz qısa zamanda istədiyimizə nail olacağıq və ermənilərin qurduğu quldur mərkəzinə qədər gedəcəyik".