Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı, Media Təhlil Mərkəzinin (MTM) tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib.
Demokrat.az-ın xəbərinə görə, toplantıda MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid və jurnalistlər iştirak ediblər.
Tədbir ölkəmizin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Daha sonra “Rəqəmsal dövrdə ənənəvi çap mediası: Müasir oxu vərdişləri və transformasiya perspektivləri” mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya moderatorluq edən millət vəkili, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, “E-köşk” platforması cəmiyyətdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərəcək. 
“Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov çıxışında texniki imkanlar baxımından onlayn media ilə bərabər çap mediasının inkişafına kömək məqsədilə “E-köşk” platformasının yaradılmasının təqdirəlayiq addım olduğunu diqqətə çatdırıb.
“Kaspi” qəzetinin Baş redaktoru İlham Quliyev və “Respublika” qəzetinin Baş redaktoru Hümbət Musayev də platformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsindən, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından istifadə etməyə şərait yaratmasından danışıb.
Daha sonra Agentliyin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova platformanın üstünlüklərini, əhatə dairəsini, məqsədlərini əks etdirən təqdimatla çıxış edib. 
Sonra Türkiyənin “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadeniz çap mediası məhsullarının təkmilləşdirilməsi və mediada peşəkarlığın artırılması üçün yeni tendensiyaların öyrənilməsi ilə bağlı çıxış edib. Tədbir çərçivəsində Fırat Karadenizin çap mediası subyektlərinin nümayəndələri üçün “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”; “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması” mövzularında təlimi də keçirilib.
Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir. 






