Siyasət Özəl

“Zəngilanda və Cəbrayılda İsrailin konsulluğu açılsın” — Partiya sədri

“Zəngilanda və Cəbrayılda İsrailin konsulluğu açılsın” — Partiya sədri

“İran Azərbaycanı güclü dövlət kimi görmək istəmir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Partiya sədri əlavə edib ki, onlar arxa planda Azərbaycanı özlərinin tərkib hissəsi kimi görürlər.

“Digər tərəfdən, İran Türk dünyasının vahid bir arealda birləşməsini istəmir. İran bilir ki, əgər Zəngəzur dəhlizi açılsa, həm Azərbaycanın ana vətəni Naxçıvanla, həm də Türk dünyasının əlaqələri açılacaq. Habelə, Türkiyədən Orta Asiyaya qədər Azərbaycan üzərindən getmək mümkün olacaq. Ümumiyyətlə, həm iqtisadi baxımdan, həm də nəqliyyat-logistika uğrunda illərlə, əsrlərlə mübarizə gedib. İran istəmir ki, yükdaşımalar məhz Zəngəzur dəhlizindən keçirilsin. Çalışır ki, bunlar öz ərazisinin üzərindən keçirilsin. Amma bu iqtisadi maraqlar da arxa plandadır. Ən əsası İran bu bölgədə Azərbaycanın bir dövlət olaraq mövcudluğunu istəmir. Ona görə Azərbaycanla Ermənistan arasındakı bu münaqişədə ermənilərin tərəfini tuturdu. 44 günlük Vətən müharibəsində də, ondan əvvəl də, sonra da onların tərəfini tutub. Düzdür, əvvəllər bu işlər gizli keçirilirdi. İndi açıq müstəviyə keçirildi, hədə-qorxu dilində danışmağa başladı. Hərbi təlimlər keçirdi, Qafanda aidiyyatı olmayan yerdə konsulluq açdı”.

“Mən Azərbaycan hökumətinə təklif etdim ki, Zəngilanda və Cəbrayılda İsrailin konsulluğunu açmaq məsələsini gündəmə gətirək. Bunlara bir cavab verilməlidir. Eyni zamanda qardaş Türkiyənin Zəngilanda, Cəbrayılda konsulluğu açılması məsələsini gündəmə gətirmək lazımdır. Nəticə etibarilə, İran bu atdıqları ağılsız siyasət nəticəsində ehtiyatlar baxımından dünyanın ilk onluğunda olan ölkə olsa da, ölkəsi və əhalisi çox pis halda yaşayır, insan haqları, hüquqları qorunmur. İndi ölkədə faktiki vətəndaş müharibəsi başlayıb və onu da nəzərə alaq ki, orada bizim təxminən 40 milyon soydaşımız var. Biz indiyə qədər onlarla bağlı mövqeyimizdə ehtiyatlı davranırdıq, indi açıq-aşkar bizim soydaşlarımız müdafiə olunacaq. Onların hüquqları qorunmalıdır! İranın fars molla rejimi isə tarixin zibilliyinə atılmalıdır!”.

Aynurə Demokrat.az

D
demokrat.az