“Etirazların müxtəlif formaları var. Əlbəttə ki, rəsmi qaydada müəyyən normalar əsasında təşkil olunsa daha yaxşı olar”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat daha sonra bunları əlavə edib:
“Bir çox yerlərdə oturmaqla, bir yerdə səs-küy salmaqla, bəzən mahnı səsləndirməklə, ya səssiz dayanmaqla insanlar öz etirazlarını bildirirlər. Ötən gün Azərbaycan əsilli soydaşlarımız da senatorların qərəzli mövqeyinə etiraz olaraq Fransa Senatının binası qarşısında sakit etiraz aksiyası keçirdi. Düzü, burada bir sıra məqamlara diqqətin yetirilməsi vacib idi. Əvvəla, əgər biz Fransa Senatına etirazımızı ifadə ediriksə, burada Ermənistan baş naziri haqqında “Noldu, Paşinyan” meyxanasının səsləndirilməsinin o qədər əhəmiyyəti yox idi. Çünki biz Fransa Senatına qarşı öz etirazımızı bildiririk. Əgər bu etiraz aksiyası Ermənistan səfirliyin qarşısında, yaxud da Ermənistan parlamentinin qarşısında keçirilsəydi, belə hallar ola bilərdi. Məncə, bizim soydaşlarımız daha vacib və əhəmiyyətli formada öz etirazlarını bildirməlidirlər. Bu, siyasi bir gedişdir. Siyasətdə bayağılığa yol verilməməlidir. Bu aksiya rəsmi və təmkinli formada keçirilməlidir. Düzdür, indi ediblər. Ancaq, mən yenə də deyirəm ki, meyxana ilə, müəyyən çılğın hərəkətlərlə siyasətdə uğur qazanmaq bir az bayağı görünür. Təbii ki, bizim soydaşlarımız belə məsələlərlə bağlı öz etirazlarını bildirirlər və bu, yaxşı haldır. Çünki bu onların birliyini göstərir. Hesab edirəm ki, onlar aksiyalarını daha təmkinli formatda keçirməlidirlər”.
Aynurə Demokrat.az


