İlanın ağına da lənət, qarasına da. Elə İranın da… Düz iki ildir ki, uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı azad etmişik. Buna hansı əzab-əziyyətlərlə, nə qədər qanlar tökməklə, canlar verməklə nail olduğumuzu hər kəs bilir. Azərbaycan Əsgəri o torpaqlarda can verməyi ilə həm də o torpaqlara can vermiş oldu, oralar dirçəldi, həyat qayıtdı. Necə deyərlər: torpaqlarda can verən torpaqlara can verər.
Amma nədənsə qonşu müsəlman ölkəsi bizim bu azadlığımızı, bu qayıdışımızı, bu haqqımızı həzm edə bilmir. Əcəba, İslam deyib bar-bar bağıran bu ölkənin bizə çatanda dinsiz-imansızlıq damarı niyə tutur?
– Gəlin, bu suala birlikdə cavab tapmağa çalışaq, öz də faktlarla və sübutlarla…
Məlumdur ki, işğal dövründə İran rejimi Şuşa şəhərində azərbaycanlılara məxsus məscidi guya təmir etmək adı ilə özününküləşdirməyə çalışıb. İbadət evini fars məscidi adı ilə müsəlman aləminə sırımağa cəhd göstəriblər. Təsəvvür edin ki, bu iyrənc təşəbbüsü bizim “din qardaşlarımız” irəli sürüb və müvəqqəti də olsa, gerçəkləşdirə biliblər. Məscidin əsl sahibləri qayıdana qədər… 
Eyni zamanda, Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi Vətən müharibəsi zamanı işğaldan azad olunduqdan sonda sözün əsl mənasında İranın başına daşımız düşdü.
– Bilirsinizmi niyə?
Azərbaycanın bu əzəli torpaqlarını qanunsuz olaraq narkotik poliqonuna çevirən mənfur qonşularımızın (İran və Ermənistan) bazarı artıq bağlanmışdı. İqtisadiyyatlarını narkotika ilə möhkəmləndirməyə çalışan ölkələrin iqtisadi çöküşü isə bizim gözümüzün önündə gerçəkləşir. 
Göründüyü kimi, müsəlman dövləti Azərbaycanın Naxçıvanla quru yolla gediş-gəlişini arzulamır.
Bütün bunlarla yanaşı, İran rejiminin bu ölkədə yaşayan azərbaycanlılara düşmən münasibəti də hər kəsə bəllidir. Güney Azərbaycanda milyonlarla azərbaycanlı yaşayır. Amma onlar daima təzyiqlərə, təqiblərə məruz qalıb və hər zaman zorakılıqla üzləşiblər. Bunun yeganə səbəbi isə onların məhz Azərbaycan türkü olmasıdır. Azərbaycanlılara qarşı nifrət isə farsların damarlarına hopub – desək, bəlkə də yanılmarıq. Təkcə bir misal gətirək və kifayətlənək:
– İranda yaşayan ermənilərin öz dilində məktəbləri mövcuddur. Amma ana dilində danışmaq istəyən 40 milyona yaxın azərbaycanlının isə az qala dilini kəsməyə çalışırlar. Dünyanın heç bir ölkəsində (müsəlman olmayan ölkələrdə belə) azərbaycanlılara qarşı bu cür münasibət sərgilənmir. 
Molla rejimi bilməlidir ki, bütün dünyanın harasında olmağından asılı olmayaraq azərbaycanlıların sözünü eşidəcəyi yalnız bir böyüyü var: o da cənab Prezidentimizdir. Çünki o, təkcə Azərbaycan vətəndaşlarının deyil, bütövlükdə dünya azərbaycanlılarının Prezidentidir.
Azərbaycan hər zaman öz vətəndaşlarına olduğu kimi, öz soydaşlarına da, diaspor nümayəndələrinə də diqqət və qayğı ilə yanaşıb.
Bu gün hansısa mollanın dili ilə Azərbaycanı hədələmək İran üçün baha başa gələn problemə çevrilə bilər. Azərbaycan artıq iki ildir ki, həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Azərbaycanla heç kim diqtə ilə danışa bilməz. Azərbaycan regionda güc dövlətidir. 


