“Müharibədən sonra da, bu gün də hansı hissləri keçirdiyini ifadə edə bilmirəm. Çünki “Tarixi-Nadiri“ də yarıya qədər oxumuşam. Bilirəm ki, Azərbaycan hansı keşməkeşlərdən, hansı yollardan keçib. Dünya tarixində bu miqyasda, bu əzəmətdə bir Zəfər tarixi görməmişəm. Bu, təkcə Azərbaycan tarixi üçün deyil, ümumiyyətlə, dünya tarixi üçün bir örnəkdir. Nə mənada? O mənada ki, dünyada çox ədalətsizliklər, haqsızlıqlar olur. Həmişə xeyir şərə qalib gəlmir, həmişə zülmət gecədən sonra səhər açılmır. Azərbaycan sübut etdi ki, nə qədər də uzaq olsa, nə qədər də dərində olsa, ilahi bir ədalət var, haqq var“.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O vurğulayıb ki, sovet dönəmində də saysız-hesabsız qədər Şuşada olub.
“Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vaqif poeziyasının ilk açılışında 1982-ci yanvarın 14-də olmuşdum. Xoşbəxt insanlardanam ki, 39 ildən sonra, iki il bundan öncə Şuşa məqbərəsinin yeni açılışında iştirak etmək mənə qismət oldu. Təsəvvür edin ki, hansı hisləri keçirirsən. Sovet dönəmindən Şuşada olanda böyük bayram idi, Vaqif poeziya günlərinin açılışı idi. Biz orada qonaq idi. O zamanlar Şuşa “Dağlıq Qarabağ“ vilayətinin bir şəhəri idi. Biz ora qonaq getmişdik. Orada vilayət rəhbərləri demək olar ki, hamısı erməni idi. Amma 39 ildən sonra isə Şuşada ev sahibi idik. Qonaq qarşılayırdıq, Azad Şuşada. Özümüzü həm coğrafi mənada, həm mənəvi baxımdan hamıya yaxın hiss edirdik. Nə cür orada fərəh keçirtdik, Allah bilir. Orada dediyim sözü xatırlayıram. Möcüzələr ancaq nağıllarda olur, həyatda isə möcüzələri real insanlar yaradırlar. O real insan da Şuşada bizlə idi. Poeziya nümunələrini dinləyirdi, söhbət edirdi, bir yerdə çay içirdik. Bu Zəfəri yazan Prezidentimiz bizim yanımızda idi. Biz ucalıqda onunla Azərbaycanın böyüklüyünü, müqəddəsliyini, Vətənin toxunulmazlığını bir daha hiss etdik. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə isə şəfalar diləyirik!“.
Nəzrin Demokrat.az


