2020-ci il iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günündə atası ilə bağlı duyğulandıran paylaşım edib.
Demokrat.az xəbər verir ki, Elvin Mirzəyev 8 Noyabrın İlqar Mirzəyev kimi Vətən övladlarının günü olduğunu vurğulayıb: 
Azaddır torpaqlarımız, azaddır həsrətində olduğun Şuşa. Artıq yerli sakinlər ora əmin-amanlıqla gedir və gedəcək. Bunu siz bacardınız, öz qanınız və canınızla. Haqq uğrunda savaşdın, yorulmadın, bezmədin, üzündə hər zaman Vətən gülüşü vardı. Son tapşırığını şərəfli, peşəkar zabit kimi fəxrlə yerinə yetirərək şəhid oldun.
Zəfəriniz mübarək olsun, əziz şəhidlər! Zəfəriniz mübarək olsun, əziz həmvətənlərim! Zəfərin mübarək olsun, Azərbaycan! Zəfərin mübarək olsun, Atam!” 



