Sosial Özəl

Gender bərabərliyi üçün ahəngdar münasibət olmalıdır

Gender bərabərliyi üçün ahəngdar münasibət olmalıdır

Müasir dünyada ən mühüm məsələlərdən biri də gender problemidir. Cəmiyyətdə və ailədə cinslərin hüquq bərabərliyi, qadın-kişi münasibətləri müxtəlif quruluşlarda fərqli kontekstlərdə nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları istər sosial, istər də mənəvi aspektlərdə ən çox müzakirə olunan mübahisəli məsələlərdəndir.

Gender bərabərliyi üçün ahəngdar münasibət olmalıdır
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin əməkdaşı, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, biz ölkəmizdə olan qadın və kişilərin potensiallarının daha çox açılmasına çalışmalıyıq.
Gender bərabərliyi üçün ahəngdar münasibət olmalıdır
“Gender bərabərliyinin terminini həmişə çalışıram ki, özündə düzəliş edim. Mən həmişə buna gender münasibətləri deyirəm, çünki gender bərabərliyi deyəndə burada bir çox adam öz statistikasını irəli verir. Filan yerdə bu qədər qadın varsa, o qədər də kişi olmalıdır. Haray salıblar ki, gender bərabərliyi pozulub. Əslinə qalsa, belə olmamalıdır. Biz çalışmalıyıq ki, qadınlarımızın da, kişilərimizin də potensialları daha çox üzə çıxsın. Cəmiyyət elə bir şərait yaratsın ki, insanlarımızın potensialı daha çox açılsın. Qızlarımız da yaxşı təhsil alsın, oğlanlarımız da. Amma birdən-birə buna keçmək mexaniki olaraq çətindir. Məsələn, bu sahədə qadınların sayı azdır və “gəlin, çoxaldaq” deyirik. Amma, bu qadınlar həmin sahədə mütəxəssisdilərmi? Əgər mütəxəssis deyilsə, onu mexaniki yolla “gəlin, qadınların sayını artıraq” demək düzgün deyil. Fikirləşməliyik ki, bizim cəmiyyətdə problemlər var. Bu qadınları biz elə inkişaf etdirməliyik ki, onlar bu sahədə peşəkar mütəxəssis olsunlar. Bir şeyə də fikir vermək lazımdır. Qadının öz daxili aləmi var, qadının öz psixoloji xüsusiyyətləri var, kişinin də öz. Elə işlər var ki, orada qadının fəaliyyətinə daha çox ehtiyacımız var. Qadın orada daha çox fayda verə bilər, elə yer də var ki, orada kişilər daha çox fayda verə bilər. Yəni, biz bunu ancaq elə gender bərabərliyi deyərək, bunları mexaniki bərabərləşdirməyimiz səhvdir. Biz deyək ki, Belçikada belədir, Fransada belədir. Orada ola bilər, orada cəmiyyətin xüsusiyyəti də bir başqa cürdür. Biz də isə cəmiyyətin hələ indiki xüsusiyyətini, ovqatını öyrənərək gender münasibətlərini qurmaq lazımdır”.

Ekspertin sözlərinə görə, ölkəmizdəki ailələr xarici ölkə ailələri ilə eyniləşdirmək də düzgün deyil:

“Əgər xarici ölkədə bəzən ərlə arvad öz aralarında müqavilə bağlayırlar. Məsələn, ailədə kim zibili atacaq, kim xörəyi bişirəcək və s. İndi mən bunu gətirim Azərbaycana zorla təhkim edim ki, bunu belə edin. Belə etsəm deyəcəklər ki, afərin Azərbaycanda gender bərabərliyi yaxşıdır. Ancaq bu mənim ölkəmə qarşı təxribatdır. Ümumiyyətlə, həmişə gender bərabərliyindən yuxarı duran bir məsələ var ki, o da ahəngdar münasibətdir. Cütlüklər arasında ahəngdar münasibətin olması vacibdir. Evin içində qadınla kişi öz aralarında, öz münasibərlərində ortaq məxrəcə gəlməlidirlər. Yəni, əsas odur ki, ailədə ahəngdar münasibət olsun”.

Sosioloq əlavə edib ki, gender münasibətlərinin özü meyar deyil və o, bir faktdır.

“Bu fakta da əməl etmək üçün meyara baxmalıyıq. İndi Azərbaycan cəmiyyəti bu gün nə dərəcədə hazırdısa, qadınlarla kişilərin bir yerdə və eyni sayda təmsil olunmasına bax onu etməliyik. Hesab edirəm ki, qadınlarımız elə ailədə öz həyat yoldaşlarına kömək etməklə daha çox cəmiyyətdə ahəngdar münasibət yaradırlar. İndiki vaxtda isə bu məsələ diqqətdədir. Ona görə də, düşünürəm ki, Azərbaycanda gender məsələləri ilə bağlı axtarışlar yarımçıqdır. Bu sahədə xeyli dəqiqləşdirməyə, xeyli elmi tədqiqatlara, müzakirələrə böyük ehtiyac var. Yəni, çoxları qrant xatirinə, layihə xatirinə bunu həyata keçirirlər. Amma düşünmürlər ki, bu bəlkə də təxribat da ola bilər. Elə gözü bağlı gender bərabərliyindən danışırlar. Gender münasibətlərində qadınla kişinin hər birinin özünün potensialının üzə çıxarmasına çox yaxşı baxıram. Əgər gender münasibətləri potensialı üzə çıxarmağa kömək edirsə, əladır. Əgər bu harasa hesabat verməkdirsə, o gərginlik yarada bilər. Biz gərginlik yaradan gender münasibətlərindən uzaq olmalıyıq, ahəngdar yaradan gender münasibətlərinə isə daha da yaxınlaşmalıyıq”.

“Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə qadınların hüquqları gender bərabərliyinə əsasən eyni olmalıdır.

“Bu gün məhkəmələrin çoxunda kişilərdir və olan qadınlar da kişilərin hüquqlarını bərpa edir. Buna təsadüf gətirmişik, amma nə qədər çox hüquq sistemində qadın olsa, o qədər çox biz qadınların hüquqlarını qanunla müdafiə edə bilərik. Onun üçün də parlamentdə bərabərlik haqqında qanunlar qəbul olunanda qadınların ən azı 45 faizi orada olmalıdır. Bilirik ki, həm evdə, həm işdə, ümumiyyətlə hər yerdə qadınların üzərinə böyük məsuliyyət düşür. Düzdür, ailə başçısı kişi olsa da, bizim ailələrdə bütün əziyyət qadının çiynindədir. Yəni, qadın hər işin öhdəsindən layiqincə gəlir. Düşünürəm ki, bu gün yüksək vəzifələrdə də qadınlarımız olmalıdır. Necə ki, qadın ailəni qoruyur, eləcə də dövləti qoruyacaq. Qadın ailəyə necə təsir edirsə, dövlətə də o cür təsir edəcək. Onun üçün də biz gender bərabərliyinin olmasını çox işlədirik. Məsələn, bu gün nazirliklərdə hamısı kişilər olsa da, işin çoxunu qadınlar aparır. Sual yaranır. Bizdə kişilər kimi ağıllı qadınlarımız yoxdur ki, yuxarı vəzifələrdə olsunlar? Ola bilməz axı? Niyə nazirliklərdə kişilər üstünlük təşkil edir? Bu gün nazirlər özlərini qoyublar dağın kəlləsinə, qəbullarına düşmək olmur. Gərək 10 dəfə yığasan ki, qəbullarına düşəsən. Ancaq qadın nazir olsa, ikinci dəfədən səni nəyin bahasına olursa-olsun qəbul edəcək və sənə öz ailəsi kimi yanaşacaq. Onun üçün də bizim qadınların nazirliklərdə olmasını istəyərdim. Hakimiyyət strukturların təmsil olunsunlar, hər yerdə olsunlar”.

Gender bərabərliyi üçün ahəngdar münasibət olmalıdır
N.Cəfəroğlu sözlərinə görə, ölkəmizdə ailələr spesifik xüsusiyyətlərə malikdir:

“Ümumiyyətlə, düşünürəm ki, gender məsələsində çox şey qadından asılıdır. Təzə ailə quranda qadın evində özünü necə apardı, elə də axıra qədər gedəcək. Bir uşaq olanda əgər qadın hər şeyi öz üzərinə götürsə, kişi bu işdən uzaqlaşacaq. Amma bir gecə qadın dursa, o biri gecə də kişi dursa, o zaman kişi də məsuliyyətini dərk edəcək. Bu məsələləri də qadın ailədə özü həll etməlidir. İlk növbədə kişini bu işlərə cəlb etməlidir, onda qadınla kişi arasında ailədə ünsiyyət də yaranacaq. Kişi dərk edəcək ki, bu uşaq həm də onundur. Bəzən deyirlər ki, qadın kişinin ayağını yuya bilməz. Niyə yuya bilməz ki? Yuya da bilər, kişi də qadının ayağını yuya bilər. Kişi işdən gəlirsə, yorğundursa, qadın ona qulluq etməlidir. Hətta, mən öz yoldaşıma işdən gələndə qulluq edirdim, oğluma da deyirdim ki, gəl atanın ayağını vanna edək. Oğlum da isti suyu gətirirdi, tökürdü, mən də yuyurdum. Nə olar ki? Bu, münasibətdir. Səhərisi günü yoldaşım 4 dəfə artıq mənə hörmət edirdi. Yəni, ailədə hər şey ola bilər. Qadın ailədə özünü elə aparmalıdır ki, kişinin ona həm məhəbbəti, həm də hörməti olsun. Ayaq yumaq aşağılanmaq demək deyil, əksinə sən yoldaşına öz məhəbbətini göstərirsən. O da sənə beş qat artıq məhəbbət göstərəcək, yəni cütlüklər bu məsələləri ailə daxilində özləri həll etməlidir. Millətə də hərdən məhəbbət lazımdır. Bizim millət çox sevən millətdir. Qadın ilk növbədə ailəyə məhəbbətlə yanaşmalıdır. Və gender bərabərliyi dedikdə hər şeyi gözünün qabağına gətirməlisən”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az