“Yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır. ABŞ dövlət katibinin təşəbüsü ilə təşkil olunmuş bu görüşün deyərdim ki, səbəblərindən biri Soçi görüşü oldu. Çünki Şoçi görüşü və onun ərəfəsində Putinin “Valday” klubunun konfrasında verdiyi bəyanat, Ermənistanda, ondan başqa Azərbaycanın işğal olunmuş və rus “sülhməramlıların” nəzarətində qalan ərazilərdə təşkil etdiyi aksiyalar, atdığı addımlar belə görünür ki, ABŞ-a siqnal oldu. Yəni, ABŞ da Brüssel prosesini gücləndirməlidir. Çünki Rusiyanın Azərbaycan-Ermənistan danışıqlarına, xüsusilə də, Soçidə aparılan üçtərəfli danışıqlara təklif etdiyi gündəm tamamilə fərqli idi. Brüssel prosesindən olduğundan fərqli idi. Bu Qarabağ məsələsi idi. Gördüyümüz kimi, həmin məsələdə də heç bir uğur əldə olunmadı. Azərbaycan tərəfi çox birmənalı şəkildə buna rədd cavabı verdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, əlavə edib ki, Ermənistan çox güman ki, bilərəkdən absurd, reallaşdırılması mümkün olmayan, hətta müzakirə olunacağı belə mümkünsüz tələblər irəli sürdü.
“Bununla tərəflər göstərdilər ki, onlar Rusiaynın vasitəçilik adlandırdığı, əslində isə pozuculuğa yönələn roluna razı deyillər və bu da Vaşinqtona bir mesaj oldu. Vaşinqton məhz bu görüşü Brüssel prosesini gücləndirmək üçün təşkil etdi. Əlbəttə ki, bu tipli ayrı-ayrı görüşlər olub. Hər bir halda görünən budur ki, Brüssel prosesinin sürətlənməsi onun mümkün qədər yaxın zamanda real nəticə verməsi artıq təkcə Avropa Birliyini deyil, ABŞ-ı da narahat edir. Və bu səbəbdən də ABŞ prosesə daha aktiv şəkildə qoşulur. Rusiyanın təşəbbüsü isə pozucu təşəbbüs oldu. Bu tərəflərin heç birinin marağında deyil, olmadı və ona görə də, Soçi görüşü birmənalı şəkildə uğursuz kimi dəyərləndirilməlidir. Orada qəbul olunan sənədlər demək olar ki, heç bir şey yoxdur. Adi bəyanat xarakterli sənəddir, heç bir öhdəlik və anlaşma yoxdur. Təbii ki, nəzərə alsaq ki, Putinin əsas hədəfi Qarabağ münaqişəsini yenidən gündəmə gətirməkdir və həmin sənəddə Qarabağ sözü yoxdur. Bunu çox ciddi uğursuzluq saymaq olar”.
Aynurə Demokrat.az


