Gündəm Özəl

“Soçi görüşü çox gərgin keçəcək” — Deputat

“Soçi görüşü çox gərgin keçəcək” — Deputat

“Bizim qələbə ilə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonrakı keçən bu iki ilə yaxın bir dövrdə xeyli sayda belə görüşlər olub. Həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə belə görüşlər tez-tez baş tutub. Bu görüşlərin hamısında sonda bəyan olunubdur ki, görüş çox uğurlu keçdi və sülh sazişinin imzalanmasına yaxınlaşırıq. Həm Rusiya, həm Avropa İttifaqı bəyan edir ki, biz tərəflər arasında sülhün mövcud olması, nizamlanması və s. bu məsələlərin həlli üçün çalışırq. Ancaq belə görünür ki, bu deyilənlər hamısı bu iki il müddətində sülh sözü olaraq kağız üzərində qalıbdır, ortada əməlli bir iş yoxdur. Nə sərhədlərin delimitasiyası və demarkasiyası başlamayıb və bir irəliləyiş yoxdur. Sadəcə olaraq, bir komissiyalar burada görüşdü, orada görüşdü və s. Nə də Zəngəzur dəhlizinin taleyi həll olunmayıb”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bu gün baş tutacaq Soçi görüşü barədə fikirlərini şərh edərkən deyib.

“Soçi görüşü çox gərgin keçəcək” — Deputat
“Ermənistan birmənalı olaraq daimi bəyan edir ki, Zəngəzur dəhlizi olmayacaq. Qeyd edim ki, indiyədək işğalçı Ermənistan dövlətinin silahlı birləşmələrinin bir hissəsi də Azərbaycan ərazisindən çıxarılmayıb, hələ də orada qalmaqda davam edir. Nə də ki, 1991-ci ilin sentyabrın 2-dən cinayətkarların, separatçıların yaratdığı “Arsax” adlanan separatçı, qondarma qurum Azərbaycan ərazisindən məhv edilməyib, təmizlənməyib. Mənə elə gəlir ki, bu gün baş tutacaq görüş öncə baş tutan görüşlərdən daha gərgin bir şəraitdə keçəcək. Nə üçün belə deyirəm? Bu görüş öncəsi Rusiya prezidenti Putinin “Valday” klubunda səsləndirdiyi heç də konstruktiv olmayan, xoşagəlməyən Qarabağla bağlı bəzi fikirlər və Ermənistan baş naziri Paşinyanın həmişə olduğu kimi, yenə təlxək ritorikası ilə, bəzən də bir-birinə zidd olan səsləndirdiyi fikirlər yenidən səsləndiriləcək. Bunlar isə Azərbaycanın qəbul etməyəcəyi və qeyri-konstruktiv fikirlərdir. Bu səbəbdən də, Azərbaycan prezidenti cənab İlham Əliyev Azərbaycanın haqq sözünü, mövqeyini həmişə olduğu kimi, yenə də cəsarətlə, sərt şəkildə ortaya qoyacaq. Nədir bu? Azərbaycan ərazisinin Qarabağ bölgəsi tamamilə separatçılardan, cinayətkarlardan, işğalçı Ermənistanın hərbi birləşmələrindən təmizlənməlidir. İkincisi Zəngəzur dəhlizi açılmalıdır, əks təqdirdə Laçın yolu bağlanacaq. Üçüncüsü, Qarabağda yaşayan kim varsa, milliyətidən, dinindən, dilindən asılı olmayaraq Azərbaycan qanunları ilə yaşamağı, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əks təqdirdə əcnəbi vətəndaşlar kimi ərazimizi tərk etməlidirlər. Azərbaycan bu mövqeləri həmişə bəyan edib, həmişə də bəyan edəcək və daha da sərt şəkildə. Bax buna görə də deyirəm ki, bugünkü görüşü çox gərgin keçəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az