“Əslində Putinin açıqlamalarını Rusiyanın Qarabağ məsələsi ilə bağlı indiyə qədər yürütdüyü siyasətin açıq şəkildə bəyan edilməsi kimi qəbul etmək olar. Rusiya indiyə qədər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh istəmədiyi kimi yenə də eyni mövqeni təkrar edir. Çünki Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə özünün Cənubi Qafqazdakı maraqlarına təhlükə kimi baxır. Onlar hesab edir ki, əgər sülh olacaqsa, o zaman nəinki sülhməramlı kontingentə ehtiyac qalmayacaq, həmçinin Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğu da sual altına düşəcək. Məhz bu amilləri nəzərə alaraq Rusiya ən azı indiki məqamda, yəni Ukrayna ilə savaş dövründə Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsində maraqlıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Politoloq daha sonra bunları əlavə edib:
“Vladimir Putinin “Valday” diskussiya klubundakı çıxışında səsləndirdiyi məqamlar da bunu sübut edir və bir çox baxımdan diqqət çəkir. Məsələn, “Hesab edirik ki, sülh sazişi lazımdır. Biz sülh nizamlanması kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik. O ki qaldı, sülhün Vaşinqton, yoxsa Moskva variantının seçilməsinə, bu, erməni xalqının və Ermənistan hakimiyyətinin iradəsidir” deyən Putin əvvəla masada sülhü nəzərdə tutan iki fərqli sazişin olduğuna işarə edir, ikincisi isə Ermənistan ictimaiyyətinə mesaj verir. Əvvəla Putindən soruşmaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişi niyə ancaq erməni xalqının və Ermənistan hakimiyyətinin iradəsindən asılı olmalıdır? Əgər saziş iki ölkə arasında bağlanırsa, demək ki, bu saziş həm də Azərbaycan xalqının, dövlətinin və hakimiyyətinin də maraqlarına cavab verməlidir.
Başqa bir məqam, Putin deyir ki: “Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan buna razıdırsa, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik”. Bu açıqlamanın arxasında hansı məqamın dayandığı gün kimi aydındır. Putin demək istəyir ki, məhz Vaşinqton Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını istəyir, amma bizimlə birlikdə olsaz biz bu planı pozarıq. Bu bəyanatla həm erməni ictimaiyyətini mövcud Ermənistan hakimiyyətinin üzərinə qaldırır, həm də Paşinyan hakimiyyətinə mesaj verir ki, əgər Rusiyanı proseslərdən uzaqlaşdırmaq yolunu davam etdirsəz bu sizə baha başa gələcək. Burada söhbət təbii ki, böyük ölçüdə Qərbdən, Avropa İttifaqından gedir. Ermənistanın KTMT-dən çıxmaqla bağlı açıqlamalar verməsi, Rusiyanın bəzi şəxslərinin Ermənistana səfərinə qadağaların qoyulması və s. onu göstərir ki, Ermənistan bölgəyə yeni aktorlar gətirmək və bölgədə Qərbin təsirini artırmaq istiqamətini götürüb”.
“Rusiyanın maraqlarının əleyhinə olaraq Avropa İttifaqı mülki müşahidə missiyasının şərti sərhəd bölgəsinə gəlməsi, orada yerləşdirilməsi, sonra onların patrula başlaması ilə bağlı məlumatların yayılması bunu bir daha təsdiq edir. Rusiya başa düşür ki, Ermənistan Qərb qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun addımlar atır və ona görə də Putinin indiki açıqlamaları konkret olaraq bir tərəfdən Ermənnistan hakmiyyətini öz tərəfinə çəkmək, digər tərəfdən də erməni ictimaiyyəti tərəfindən Paşinyana təzyiq edilməsi məqsədi daşıyır. Putinin “Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür” açıqlaması da deyilənlərin daha bir sübutudur. Təbii ki, burada özünəməxsus xüsusiyyətlər dedikdə hansısa formada “status” məsələsindən söhbət gedir. Bununla da Putin demək istəyir ki, münasibətlərin Rusiya variantında bu məqam nəzərdə tutulub və biz bununla bağlı sizə dəstək verməyə hazırıq”, - deyə politoloq qeyd edib. Y. Bağırzadə daha sonra bunları əlavə edib:
“Putinin “ancaq əlbəttə ki, bu məsələ Azərbaycanla razlaşdırılmalıdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır” ifadəsi isə gözə kül üfürməkdən başqa bir şey deyil. “Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, böyük ölçüdə Ermənistanın təklif edəcəyini rəhbər tutacağıq” ifadəsi də Putinin münaqişənin birdəfəlik həllində maraqlı olmadığını ortaya qoyur. Putin yaxşı bilir ki, Azərbaycan Qarabağa hər hansı bir status verilməsini heç bir halda qəbul etmək fikrində deyil. Odur ki, prossesin uzanması üçün Ermənistana Vaşinqton planından imtina etməsi üçün təzyiq edir. Putin düşünür ki, o zaman Rusiya bütün prossesə təkbaşına nəzarət edə biləcək və bununla da sülh sazişinin imzalanmasını uzadacaqdır”.
“Təbii ki, şərti olaraq “Vaşinqton layihəsi” və ya “Rusiya variantı” adlanan sənədlərin özündə tam olaraq nəyi əks etdiriyini bilmirik, amma dəqiq olan bir şey var ki, Azərbaycanın nə bir qarış torpağını güzəştə getmək nə də Qarabağ ermənilərinə hər hansı bir status vermək fikrində deyil. Əslində Qərbin də Azərbaycanın Qarabağ üzrəində tam suverenliyini dəstəkləməsi Azərbaycan sevgisindən irəli gəlmir. Sadəcə olaraq ABŞ və Avropa İttifaqı bu problemin birdəfəlik aradan qaldırılması ilə Rusiyanın Cənubi Qafqazdakı mövqeyini itirəcəyini bildiyi üçün sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlıdır. Nəticə etibarilə gördüyümüz kimi ABŞ-ın da, Rusiyanın da modeli Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin ABŞ prosesin tez bir zamanda yekunlaşmasını, Rusiya isə münaqişənin gələcəkdə yenidən alovlanması üçün müvəqqəti dondurulmasını təklif edir”- deyə, Y.Bağırzadə sonda qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


