Siyasət Özəl

"Azərbaycan-Gürcüstan əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəlib" — Deputat

Azərbaycan-Gürcüstan əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəlib — Deputat

Azərbaycan - Gürcüstan əməkdaşlığı son illər yeni bir müstəqilliyə daxil olmuş, strateji tərəfdaşlıq əlaqələri müttəfillik səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qonşu dost ölkəyə son səfəri bunu bir daha təsdiq etdi. Bu gün Azərbaycan Gürcüstanla bir çox sahələrdə fəal əməkdaşlıq edir və münasibətlər ildən-ilə möhkəmlənir və genişlənir. Beynəlxalq səviyyəli tədbirlərdə də ölkələr bir-birlərinə lazımi dəstək verirlər. Xüsusilə Azərbaycan ən çətin vaxtlarda qonşu dövlətə öz əlini uzadıb, gürcü xalqı ilə həmrəy olduğunu nümayiş etdirmişdir. Bu ölkənin enerji, qaz təminatında ölkəmizin dəstəyi daim hiss olunmuşdur. Nəqliyyat, qaz, neft kəməri layihələrinin həyata keçirilməsində qonşu ölkənin imkanları nəzərə alınmış və regionun gələcək inkişafı diqqətdə saxlanılmışdır.

Prezidentimiz mətbuata verdiyi bəyanatda əlaqələrimizin möhkəmlənməsinin əhəmiyyətinə önəm verərək bildirmişdir ki, bir çox önəmli layihələr təkcə ölkəmiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı ticarət dövriyyəsinin bir milyard manata yaxınlaşması, Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyuluşu, elektrik enerjisi, yükdaşımalar, nəqliyyat yollarının genişləndirilməsi, mədəniyyət, təhsil, idman sahəsində həyata keçirilən tədbirlər hər iki dövlətin və xalqın milli maraqlarının təmin olunmasına, regionda təhlükəsizliyin bərqərar edilib qorunmasına, xalqların xoşbəxt gələcəyinə xidmət edir. Bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili də öz bəyanatında bir daha səsləndirmişdir. O demişdir ki, regionlardakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirməliyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik. Baş Nazir həm də Azərbaycan Prezidentinin Cənubi Qafqazda sülhün, əminamanlığın yaradılmasına verdiyi dəstəyi yüksək qiymətləndirmiş, bu əməkdaşlıq formatının yaradılması barədə dövlətimizin başçısının Praqada irəli sürdüyü təşəbbüsləri dəstəklədiyini bildirmişdir. Azərbaycan - Gürcüstan xalqlarının dostluğunun, əlaqələrinin yaşı əsrlərlədir. Bu əlaqələr daimi saf və möhkəm olmuşdur. Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri əlaqələri daha da möhkəmləndirir və irəliyə aparır. Xalqlarımız buna sevinir və mehriban qonşu olduqlarına görə fəxr edirlər.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

D
demokrat.az