AYB sədrliyinə namizəd olmaq istəyənlər hüquqlarının pozulduğunu deyir; Rəşad Məcid: “Söz azadlığı adı altında belə tərbiyəsizlik etmək olmaz”
Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında yenidən sədr seçilməsi bu qurumla bağlı narazılıqları artırıb. İddialara görə, gənc yazarlar Anarın seçilməsinə etiraz ediblər. Onlar uzun müddət bu postu tutan Anarın yenidən sədr seçilməsinin ədalətli olmadığını deyiblər. Səsvermədən sonra çıxış edən Anar “Məni seçənlərə də, etiraz edənlərə də, bitərəf qalanlara da təşəkkür edirəm. Beş il sonra məni seçmək istəsələr, razı olmayacam” deyib. Bu isə o deməkdir ki, Anarın sonuncu sədrliyidir.
Qurultayda şairlər Emil Rasimoğlu və gənc yazar Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyi səsə qoyulmayıb. Sədarət onların namizədliyinin səsə qoyulmamasını qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah edib. Bu isə gənclərin etirazı ilə qarşılanıb. Onlar seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər.
Rasimoğlu deyib ki, qurultayda AYB sədri postuna namizədliyini irəli sürsə də, namizədliyi təsdiq edilməyib: “Mən 2019-cu ildən Azərbaycan Yazıçılar Birliyi sədrliyinə namizədliyimi irəli sürəcəyimi açıqlamışdım. Bir neçə gün bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına nümayəndə seçildim. AYB-nin daxili nizamnaməsinə əsasən, qurultay iştirakçısı seçilən istənilən şəxs qurum sədrliyinə öz namizədliyini irəli sürə bilər. Mən də nizamnamənin mənə verdiyi səlahiyyətlərdən istifadə edib qurultayda namizədliyimi irəli sürdüm. Başda Anar olmaqla, Rəşad Məcid və AYB-nin rəhbər orqanında təmsil olunan digər şəxslər namizəd kimi mənim hüquqlarımı tanımadılar, namizədliyimi səsə qoymadılar”.
Digər narazılıq qurultaya xərclənən 203 min manat pulla bağlıdır. AYB katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında ayrılan vəsaitdən daha çox pul xərcləndiyini deyib: “Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz ki, bunlar xərc tələb edir? Biz daha çox xərcləmişik. Utanmırsınız, xalq yazıçısından soruşursunuz pullar hanı?”
Media təmsilçisinə verdiyi reaksiyaya görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib, tənqid olunub. 
Deputat qeyd edib ki, Çingiz Abdullayev jurnalistlə normal rəftar etməli idi: “Hər halda, jurnalistlə rəftar qaydası var. Jurnalist hesabat istəyir, bunun cavabını konkret vermək lazımdır. Demək lazımdır ki, bu qədər qonaq var, bu qədər pul xərclənib. Bunu demək lazımdır. Burada çəkinəcək nə var ki? Jurnalisti hansısa formada təhqir etmək olmaz. Jurnalist sual verib, cavab almalıdır”.
Deputat AYB-nin qurultayında yazıçı Anarın rəqiblərinin namizədliyinin qəbul edilməməsinə də münasibət bildirib:
“Demokratiya naminə digərlərinin də namizədliyi qəbul edilməli, fikirləri dinlənilməli idi. Onsuz da Anar seçiləcəkdi. Burada hər hansı problem görmürdüm. Açığı deyim ki, əslində yeni nəsildən Anar səviyyəsində bir yazarın meydanda olmadığı aydındır. Təbii ki, əvəzedilməz insan yoxdur. Ancaq orta nəsildən ədəbiyyatın ən azı təşkilati yükünü daşıyacaq, yaradıcılıq azadlığı vəd edən, onun imkanlarını genişləndirən yazar olması vacibdir”.
Bütün bu ittiham və tənqidlərə xalq yazıçısı Çingiz Abdullayevin cavabı gecikməyib. “Mənim kimi birinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm. Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”, - deyə Çingiz Abdullayev qeyd edib.
Qurultayda baş verən narazılıq və qalmaqaldan sonra AYB-dən istefa verənlər oldu. Belə ki, qurultaydan dərhal sonra əslən Təbrizdən olan şair Ümid Nəccari sosial şəbəkə üzərindən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdiyini açıqlayıb. O bildirib ki, azad ədəbiyyat naminə və yaradıcılıq həyatının hörmətinə, ədalətsizliklərdən uzaq durmaq üçün qurumun üzvlüyündən imtina edir. 
AYB-nin qurultayı ətrafında gedən qalmaqal və narazılıqlarla bağlı AYB-nin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a danışıb. Rəşad Məcid ilk öncə gənc yazarların hansı səbəbdən namizədliklərinin qəbul olunmamasından söz açıb: “Onlar 3 dost idilər və 2-3 il bundan əvvəl də demişdilər ki, namizədliklərini irəli sürəcəklər. Hətta yazıçı Anar da cavab vermişdi ki, "barı üçünüz birləşib bir namizəd verin". Fuad Cəfərli Gənclər Şurasının üzvüdür, qurultay nümayəndəsi Emil Rasimoğluna gəldikdə isə məhz Anar müəllimin təkidi ilə dedilər ki, gəlsin, iştirak etsin. Orada da birmənalı olaraq hamı Anar müəllimin namizədliyini dəstəklədi və sonda Elçin Əfəndiyev dedi ki, səsə qoyulsun. Bu səbəbdən onlara çıxış verməyə ehtiyac olmadı. Yəni cəmi iki nəfər idilər və onlar da Anar müəllimin əleyhinə səs verdilər.
Əslində düşünürdüm ki, onlara çıxış verilsin, amma bundan əvvəl Gənclər Şurasının görüşündə Fuad Cəfərli və digərləri çıxış edərək, öz düşüncələrini açıqlamışdılar. Onlar deyirdilər ki, “AYB təşkilatçılıq edib bizi televiziyalara çıxartsın, məşhurlaşaq” və sairə. Ciddi yazıları da yoxdur. Azərbaycan gəncləri arasında ondan istedadlı çox adam var, amma onlar təvazökardırlar. O adamların, ümumiyyətlə, Anara və yaşlı yazıçılara anormal münasibətləri var. Anarın bir əsərini oxumayıblar, dəyərləri bilmirlər, özlərindən şou yaradırlar. Anar müəllim də onların cavablarını verdi ki, “gedin yazın, yaradın, 5 ildən sonra namizəd olarsınız”.
O ki qaldı namizədliklərinin qeydə alınmaması məsələsinə, gərək qurultay nümayəndələri onların namizədliklərini versin. Amma onların namizədliklərini heç kəs verməmişdi. Əgər onların namizədlikləri verilsəydi, və kimlərsə durub desəydi ki, biz Fuad Cəfərlini və yaxud Emil Rasimoğlunun namizədliyini istəyirik, namizədlik qeydə alınardı. Yoxsa ki, qurultayda 30-a yaxın adam çıxış etdi, amma bir nəfər də onların adını çəkmədi. Çıxış edənlərin hamısı Anar müəllimin seçilməyini istədiklərini bildirdi, Anar müəllim də dedi ki, “bu dəfə də seçilmək istəyirəm, çünki yarımçıq qalan işlərim var”.
Bildiyiniz kimi, sonda Anarın əleyhinə cəmi iki səs oldu ki, həmin səs verənlər də onlar idi. Yəni namizədlikləri də verilsəydi, hərəsinə bir səs olacaqdı. Bu gün AYB-nin qurultayı ətrafında şou gedir. Qurultay az qala ölkənin gündəmində ən mühüm hadisəyə çevrilib. Mən hər zaman demişəm ki, Anar olmayandan sonra AYB adi bir təşkilata çevriləcək". 
Şəxsən qurultayda bir sıra jurnalistləri görəndə heyrət etdim. Onlar heç bir davranış qaydalarını gözləmirlər. Mikrofonu Milli Elmlər Akademiyası prezidentinin az qala ağzına dürtüb deyir ki, “siz məmursunuz, niyə Anarın namizədliyini dəstəkləyirsiniz?” O da cavab verdi ki “mən AYB-nin üzvü, Ağsaqqallar Şurasının sədr müaviniyəm”. Yəni heç bir ədəb-ərkan gözləməyən jurnalistlər peyda olub. Belə olmaz... Söz azadlığı adı altında belə həyasızlıq, tərbiyəsizlik etmək düzgün deyil. Fasilədə yaşlı yazıçılar otaqda oturub, çölə çıxa bilmirdilər ki, jurnalistlər onlara sual verəcəklər, sualların hamısı da qanqaraldıcı, şantaj tipli". 
Yeni.Musavat


