Gündəm

Deputatdan Xalq yazıçısının hərəkətinə REAKSİYA: “Hesabat verilməliydi…”

Deputatdan Xalq yazıçısının hərəkətinə REAKSİYA: “Hesabat verilməliydi…”

“Heç bir jurnalist, nəinki media nümayəndəsi, heç kəs qarşı tərəfə ünvanladığı suala görə təhqir olunmamalıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov ötən gün Yazıçılar Birliyinin 13-cü qurultayında Xalq yazıçısı Çingiz Abdullayevin ona sual ünvanlayan jurnalistə kobud rəftarına münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, hər bir məsələnin hesabatı verilməlidir:

“Məsələn, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verirlər. Bu, Siyasi Partiyalar haqqında Qanunda da öz əksini tapıb. Biz hər rübdə bir dəfə hesabat veririk. Hətta dövlətdən maliyyə yardımı ayrılmayan siyasi partiyalar da ianələr, üzvlük haqqları ilə bağlı hesabat təqdim edirlər. Hesabat şəffaflıq deməkdir. Hər qurultayda siyasi partiyalar özlərinin hesabatlarını verirlər. Mən məlum məsələyə siyasi partiyalar üzərindən gəlmək istəyirəm. Yazıçılar Birliyinin qurultayında da həmin maliyyə hesabatı verilməli idi ki, dövlət tərəfindən ayrılan vəsaitin hara və kimə sərf olunduğu bilinsin. Jurnalist sual verib və çətin sual deyildi. Bəzən elə çətin suallar verilir ki… Xatırlayın, cənab Prezident 44 günlük vətən müharibəsi dövründə Azərbaycanın əleyhinə, qərəzli informasiyalar hazırlayan bir çox jurnalistlərin insanın əsəbi ilə oynayan suallarını necə təmkinlə, sakit formada cavablandırırdı. Prezident döyüşün getdiyi vaxtda Ali Baş Komandan olmasına baxmayaraq, jurnalistə vaxt ayırdı, onların qərəzli suallarını təmkinlə cavablayaraq əslində bir nümunə ortaya qoydu. Çingiz Abdullayev Azərbaycanda və dünyada çap olunan böyük yazıçılarımızdandır. Ona böyük hörmətim var. Ən çox oxunan yazıçılarımızdandır. Əsərlərinə filmlər çəkilən bir şəxsdir. Yəni, məlum suala görə əsəbiləşməyə heç bir ehtiyac yox idi. Hesabat tələb olunursa, rəsmi şəkildə və ya internet resursları vasitəsilə verilməlidir. Biz Yeni Azərbaycan Partiyasının maliyyə hesabatını qəzetdə dərc edirik. Kim istəyirsə, gedib oxusun. Jurnalist sual verir, suala görə heç kim təhqir edilməməlidir”.

D
demokrat.az