Azərbaycanlı proqramçı Qərib Mehdiyevin həmtəsisçisi olduğu “WeTravel” startapı 27 milyon dollar investisiya alıb.
Demokrat.az xəbər verir ki, bu barədə Milli İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb. O bildirib ki, həmyerlimiz həmkarları Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyə qədər 7 milyon dollar investisiya alıb. Startapın cəlb etdiyi sonuncu investisiyadan sonra isə məbləğ 34 milyon dollara çatıb.
Qeyd edək ki, xeyli müddət ABŞ-da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər. Hazırda “WeTravel”ın ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.
“WeTravel” startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır.


