İki ildir ki, xalqımız Böyük qələbənin bəxş etdiyi əhval ruhiyyəsini yaşayır. 30 il torpaqları məruz qalmış bir xalq olaraq işğalın acısını nədirsə yaxşı bildik. Qaçqın və keçmiş məcburi köçkünlərimizin yaşadıqları ağır günlərin şahidi olmuşuq .
Ölkəmizin hər bir vətəndaşı torpaqları erməni tapdağından azad etməyə səfərbər olunmağına Ali Baş Komandanın qərarını gözləyirdi. Nəhayət 27 sentyabrda başlanan Vətən müharibəsində hamı bir nəfər kimi milli birlik və həmrəylik nümayiş etdirərək mübarizəyə qoşuldu. Təbii ki, Azərbaycanın güclü ordusu qarşısında düşmən duruş gətirə bilməzdi. Müharibənin ilk günündən başlayaraq yaşayış məntəqələrimiz azad olunmağa başlandı. Hər axşam hamı televiziya qarşısına keçərək Ali Baş Komandanın xoş müjdəli tvitlərini gözləyirdi. Nəhayət 25 oktyabrda Qubadlının azad olunması ilə bağlı xəbər gəlidi və bu bütün xalqımızı sevindirdi. Çünki, Qubadlının azad olunması həm də müharibənin gələcək taleyini həll etmək baxımından vacib idi. Qubadlının azad olunması bizi qələbəyə bir addım da yaxınlaşdırdı.
Artıq iki ildir ki, Qubadlı azaddır. Bu iki ildə Qubadlı rayonu ərazisinin minalardan təmizlənməsi və bir çox infrastruktur layihələrin təməli qoyulması istiqamətində addımlar atıldı. Qubadlı yenidən tikilir və öz sakinlərini qarşılamağa hazırlaşır. Hesab edirəm ki, Qubadlıda və digər azad olunmuş rayonlarda icra olunan tikinti layihələri tezliklə başa çatdırılacaq və keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdaraq firavanlıq içində əbədi yaşayacaqlar.
Azər Badamov Milli Məclisin deputatı


