Rusiyanın dövlət kanalından yayımlanan “Böyük Oyunlar” proqramında səsləndirilən fikirlər Azərbaycanın Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsi ilə üst-üstə düşmür. Rusiyada nə baş verir? Rusiya KİV-lərin Azərbaycana qarşı qərəzli mövqeyi nədən qaynaqlanır? Məsələ burasındadır ki, bu cür hərəkətlərə Rusiyanın dövlət kanallarında yol verilir - o kanllarda ki, orada az qala hər bir cümlə Rusiyanın kəşfiyyat orqanları ilə razılaşdırılır. Yəni Azərbaycanın ünvanına edilən təhqirlər Rusiya hakimiyyətinin razılığı ilə yayımlanır. Bir xalqı məmnun etmək üçün başqa bir xalqı aşağılamaq cəhdinin anlamı nədir?
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyadan Azərbaycana qarşı belə təxribatçı açıqlamaların verilməsi heç bir halda bizim milli maraqlarımıza uyğun deyil. Xüsusilə, Rusiyanın Azərbaycanla imzaladığı "güya" müttəfiqlik haqqında bəyannaməyə də tamamilə ziddir. 
“Rusiya açıq şəkildə öz mövqeyini ortaya qoymalıdır. İki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsi, istərsə də 3 ölkə arasında Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanmış üçtərəfli bəyanata hörmət etməlidir. Belə çıxışlar iki ölkə arasında münasibətləri daha da gərginləşdirir. Rusiyanın Qarabağ sakinlərinə və ya Ermənistan cameəsinə xoş mesajlar ötürmək istəyi Azərbaycan cəmiyyəti ilə olan problemləri daha da dərinləşdirir və Azərbaycan cəmiyyətində Rusiyaya qarşı əks reaksiyaların formalaşmasına səbəb olur” - deyə politoloq əlavə edib.


