“ABŞ-ın İranın Ukraynaya qarşı müharibədə iştirakını bəyan etməsi, bu, ilk növbədə o, deməkdir ki, ABŞ Administrasiyası İranın nüvə proqramlarına dair danışıqlara qayıtmayacaq. Yəni bu mövzu artıq bağlandı. Amma, eyni zamanda biz gördük ki, təkcə ABŞ deyil, Avropa Birliyi də artıq İrana müəyyən sanksiyalar tətbiq etdi. Baxmayaraq ki, əvvəllər Avropa Birliyi İrana daha loyal siyasət yürüdürdü. Bu da o, deməkdir ki, ardınca ABŞ da İrana sərt sanksiyalar tətbiq edəcəkdir. Bu, nəyə aparacaq? Ukraynada müharibə şiddətlənəcəkmi? Müharibə Ukraynada onsuz da şiddətlənəcək. Çünki artıq İran Rusiya təkcə PUA-lar, dronlar deyil, həm də raketlər göndərmək haqqında anlaşma əldə olunubdur. Bu barədə hətta ABŞ rəsmiləri kəşfiyyat məlumatları yayıblar ki, hansı İran rəsmiləri Moskvada olublar, hansı anlaşma əldə olunub və İran Rusiyaya hansı silahları göndərəcək. Bu da İrana qarşı sanksiyaların tətbiqi demək olacaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq əlavə edib ki, İran yerləşdiyi bölgədə hansısa düşünülməmiş addımlar atacağı halda ona qarşı hərbi xarakterli addımlar da atıla bilər.
“İrana qarşı hava zərbələri, raket zərbələri və s. atıla bilər. Çünki uzunmüddət idi ki, İsrail Bayden Administrasiyasının nüvə sazişinə qayıtmaq təşəbbüsünə çox sərt şəkildə etiraz edirdi və bildirirdi ki, İranla heç bir anlaşma mümkün deyil. Çünki İran onsuz da heç bir anlaşmaya riayət etmir, etməyəcək də. İndi belə göründü ki, İsrail bu məsələdə haqlı çıxdı və bu, həm də İsrail qarşısında yolları açır. İsrailə kart verir ki, İranın həm Suriyada yaratdığı hərbi infrastrukturu sıradan çıxartsın, həm də ola bilsin gələcəkdə İranın nüvə proqramı ilə bağlı olan hərbi obyektlərini hədəf alsın. Mümkündür ki, bu tək İsrail olmasın, elə ABŞ özü də olsun. Ukrayna müharibəsinə gəlincə, orada müharibə tam həcmində davam edir. Ola bilər ki, İranın verdiyi silahlar bir qədər ona gətirib çıxarsın ki, ABŞ və onun müttəfiqləri də Ukrayanaya daha güclü, daha uzaq vuran silahlar versinlər və müharibəni Rusiyanın ərazisinə keçməsinə şərait yaratsınlar. Amma, bu, İranın özünün ətrafında vəziyyəti gərginləşdirir. İstisna etmirəm ki, İrana buna görə hava zərbələri endirilə bilər”.
Aynurə Demokrat.az


