Dünyanın aparıcı gücləri və təşkilatları istərbeynəlxalq aləmdə, istərsə də öz dövlətlərində hər hansı ciddiproblem və məsələ ilə bağlı ictimai rəy formalaşdırmaq,tərəfdarlar tapmaq üçün informasiyadan və ümumilikdə KİV-dən istifadə edirlər. Beləliklə, öz maraqlarının təbliği və qarşıtərəfin gözdən salınması kampaniyası başlanır. Bununla da,KİV bəzən haqlı, ədalətli, bəzən də qeyri-obyektiv mövqedən çıxış etməli olur. İctimai və dövlət maraqlarının müdafiəsi hər bir dövlətin ən mühüm vəzifələrindən biridir. Müasir dövrdə ictmai və dövlət maraqlarının müdafiəsi aktuallıq və özəl bir mahiyyət kəsb edir. Təbii ki, dövlətin əsas obrazı rolunda vətəndaş və bütöv cəmiyyət çıxış edir. Ancaq qlobal informasiya məkanında hər bir ölkənin təhlükəsizliyi naminə öz milli maraqlarına əsaslanan ictimai və dövlət maraqlarını qoruması zərurəti meydana çıxır. Dördüncü hakimiyyət hesab edilən mediada ictimai və dövlət maraqlarının müdafiəsi məsələsi xüsusilə aktualdır.
Mövzu ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, çalışdığı sahədən asılı olmayaraq hər bir vətəndaş üçün onun yaşadığı ölkənin milli maraqları üstün olmalıdır. "Bu baxımdan dövlət təhlükəsizliyi - iqtisadi, siyasi, ideoloji, coğrafi, mədəni, milli, etnik və sosial məsələlər ən vacib şərt olmalıdır. Qərb jurnalistikası hər zaman belə bir fikri təbliğ edir ki, "jurnalistin vətəni olmamalıdır". Ancaq bu ifadə onların "mən dediyimi elə, mən elədiyimi eləmə" prinsipi ilə üst-üstə düşür. Çünki biz Qərb mediasında da əsas prinsipin öz dövlətləri, milli maraqları olduğunun dəfələrdə şahidi olmuşuq. ABŞ-ın hərbi əməliyyatları zamanı media təbliğat maşını rolunu oynayırdı, bu kimi xeyli misal göstərə bilərik". "Azərbaycana gəlincə isə birmənalı şəkildə demək olar ki, jurnalistlərimizin mütləq əksəriyyəti hər zaman dövlətin maraqlarını müdafiə etməyi bacarır. 44 günlük Vətən Müharibəsi buna bariz nümunə ola bilər. Mediamız bu sınaqdan üzüağ çıxmağı bacardı, xalqı dolğun və düzgün informasiya ilə təmin edə bildi. Ancaq onu da unutmamalıyıq ki, Vətən müharibəsi bitsə də, informasiya müharibəsi davam edir və hiyləgər düşmən hər an fürsət gözləyir. Biz bu kimi məsələlərdə daha da diqqətli və ayıq-sayıq olmalıyıq. Jurnalistlərimiz çalışmalıdır ki, sosial mediada yayılan dezinformasiyalar və feyk-nyuslarla mübarizə aparsın, cəmiyyətə həqiqəti çatdırsın. Hər bir jurnalist üçün peşə prinsipləri, etik davranış qaydaları və dövlətçilik maraqları aparıcı istiqamət olmalıdır. Bunlara riayət olunsa, ən çox cəmiyyətimiz qazanar". Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan bildirib ki, dövlət maraqlarının müdafiəsi naminə nəinki jurnalistlər, hamı çalışmalıdır. Ən azından, vicdan borcudur. “Ancaq jurnalistlər daha çox üzdə olan təbəqədir və söz sahibidirlər. Təbii ki, ictimai maraqları qorumaq jurnalistin öhdəliyi və vəzifəsi deyil. Bəli, peşə prinsipi olaraq bəli, qanunla təsbit olunmuş istənilən maraqları müdafiə edə bilər. Ancaq son zamanlar bəzən ictimai və bəzən də dövlət maraqlarına zidd addım atan jurnalistləri görürəm. Deyə bilmərəm, onlar qondarma jurnalistdir, yoxsa həqiqi, ancaq bildiyim odur ki, onlar peşəkar deyillər” - T.İrfan qeyd edib.
“Məsələn, hamının tanıdığı, uzun illər erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi üz - üzə qoymaq, onlara cəmiyyət üçün, xalq üçün xarakterik olmayan, bəlkə də dövlət üçün də zərərli məlumatları danışdıranların çoxu məhz bu qismə aiddir. Sadəcə maddi marağını, baxış-oxunuş sayını yüksəltmək naminə qarşısına nə gəldi, kim çıxdı ondan müsahibə alıb cəmiyyətin zövqünü korlamaq olmaz. Mən özüm də jurnalistika fəaliyyəti ilə məşğul olmuşam, iki qəzet təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Qaydaları, ənənəni bilirəm. Əsl jurnalist gərək dövlətini, xalqını sevsin. Əgər sevməsə, onun peşəsi onu vətənpərvər edə bilməz”.
Müsahibimiz ölkədən kənarda Azərbaycana qarşı aparılan kampaniyada hamını fəal olmağa səsləyir, eyni zamanda dövlət maraqlarından çıxış etməyi vacib bilir: “Bu gün əsasən xaricdən ölkəmizə təhdidlər, təhqirlər olur. Bununla bağlı gərək bütün jurnalistlər özlərinə xas cavab versinlər. Bu gün İran bizi təhdid edir. Tutaq ki, Avropadan dövlətimizi blogerlər təhqir edir. Hamı oturub gözləyir ki, qoy dövlət özü cavab versin. Ancaq gözləmək lazım deyil. Axı jurnalist həm də müstəqil olmalıdır. Dövlətin maraqlarını, dövlət atributlarını, xalqın mənafeyini hər bir jurnalist özünün qırmızı xətti bilməlidir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb