“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Qarabağa növbəti səfəri çox uğurlu bir səfər idi. Ümumiyyətlə, indiki zamanda, xüsusilə ətrafda baş verən hadisələr, sərhədlərimizdə olan hadisələr ərəfəsində Ərdoğanın Zəngilan Hava Limanın açılışında iştirakı faktiki olaraq böyük mesaj idi. Azərbaycanın inkişafını gözləri götürməyən dövlətlərə böyük mesaj idi ki, Azərbaycanla Türkiyə bir yerdədir, həmişə də bir yerdə olacaq. Fikir verdinizsə, Ərdoğan təyyarədən düşəndə dayandı, bir o tərəfə baxdı, bir bu tərəfə baxdı və baş barmağı ilə İlham Əliyevə göstərdi ki, hər şey əladır. Bu, hər şeydən xəbər verir. Hər iki dövlət başçısı arasında olan münasibətlər, xalqlarımız arasında olan münasibətlər o qədər istidir ki, heç bir problem ola bilməz”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat vurğulayıb ki, Tükiyə-Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinin də böyük əhəmiyyəti var. “Bilirsiniz ki, həmin bəyannaməyə uyğun olaraq, Azərbaycanın təhlükəsizliyinə Türkiyə, Türkiyənin təhlükəsizliyinə də Azərbaycan təminat verir. Ona görə də, qonşular nə qədər çalışsalar da, nə qədər atəşkəsi pozsalar da, digər hərəkətlər etsələr də, bunların heç bir xeyiri yoxdur. Ümumiyyətlə, bu səfər həm Ermənistan, həm İran üçün də bir mesaj idi. Məlumdur ki, İran son vaxtlar Azərbaycana qarşı mövqe sərgiləyir. Sirr deyil ki, İran 44 günlük müharibədə də Ermənistanın yanında olub, ona hərtərəfli kömək edib. İndi isə Xudafətin körpüsü ətrafında, Araz çayı üzərində körpülər salırlar, hərbi təlimlər keçirdilər. Yəni, bir yolla Ermənistanı müdafiə edirlər. Ermənistanın özünə də hərbi yardımlar edirlər. Amma, indi faktiki bu gəliş bir daha onu göstərdi ki, Azərbaycan dövlət başçısının apardığı siyasət çox uğurlu və böyük siyasətdir. Bəli, bütün dünya ilə bu açıq siyasəti aparır, amma indi kimin xoşuna gəlir-gəlmir artıq onların öz problemidir”.
Deputat sonda Şuşada konsulluğun açılması məsələsinə də toxunub:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı qeyd etdi ki, bir il yarıma Şuşada bütün işlər başa çatdırılacaq. Çünki ora kifayət qədər böyük vəsaitlər ayrılıb. O cümlədən də, orada otellər tikiləcək. Həmçinin, çıxışı zamanı R.T.Ərdoğan bəyan etdi ki, biz Şuşada konsulluq açmağa hazırlaşırıq. Təbii ki, bunun özü də çox mühüm və böyük mesajdır. Qeyd edim ki, konsulluğun orada açılması ilə bağlı söhbət çoxdan gedirdi, açılmırdı. Amma, indi konkret dedi ki, biz hazırlaşırıq konsulluq açırıq. Bunun özü isə böyük mesajdır”.
Aynurə Demokrat.az


