“Türkiyədə yeni təbii qaz qovşağının yaradılması ilə bağlı ideya Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elçin Xalidbəyli deyib. Analitik sözlərinə görə, indiki situasiyada Rusiya üçün belə bir yeni nəhəng enerji obyekti olduqca vacibdir və Kreml bunu etibar etdiyi yeganə ölkə olan Türkiyədə reallaşdırmağa çalışır.
“Məsələ ondadır ki, "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərinin sıradan çıxarılmasından sonra Rusiya təbii qaz ixracı üzrə marşrutlardan demək olar ki, məhrum edilib. Həmin boru kəmərlərində diversiyanın törədilməsində də əsas məqsəd məhz Rusiyanın təbii qaz ixrac imkanlarını minimuma qədər məhdudlaşdırmaq idi. Və diversiya aktının ssenari müəllifləri buna müəyyən mənada nail ola biliblər. Təbii ki, Kreml Avropa məkanı ilə əsas bağlantısının qoparılmasından ciddi şəkildə narahatdır. Bu, Rusiyanı bir tərəfdən enerji gəlirlərindən məhrum qalması deməkdir. Digər tərəfdən isə Rusiyanın gələcəkdə Avropa məkanı ölkələri üzərində əsas təsir mexanizminin itirilməsi anlamı daşıyır”.
E.Xalidbəyli qeyd edib ki, "Şimal axını" boru kəmərlərini sırasından çıxaranların da əsas hədəfi Avropayla Rusiya arasındakı əsas bağlantını qoparmaq idi. 
Digər tərəfdən, Kremldə anlayırlar ki, şaxtalı qış öz təsirini gücləndirdikcə və Avropa məkanında enerji böhranı dərinləşdikcə Rusiyaya təbii qaz üçün müraciət edən ölkələrin sayı sürətlə artacaq. Əslində, "Şimal axını" kəmərlərini sıradan çıxaran dairələr də bu reallığı nəzərə alırlar və Avropa ölkələrinin Rusiyaya enerji müraciətlərini elə əvvəlcədən bloklamaq niyyəti güdürdülər. İndi Rusiya bu problemi məhz Türkiyə üzərindən həll etməyə can atır. Ona görə də, Türkiyə ərazisində nəhəng təbii qaz qovşağının yaradılmasına can atır. Buna nail olarsa, şaxtalı qış aylarında Kreml yenidən Avropa məkanına həm təbii qaz ixracını, həm də təsir mexanizmlərini bərpa edə bilər. Nəticədə Rusiya Ukrayna savaşı ucbatından üzləşdiyi beynəlxalq koalisiyanı ciddi şəkildə parçalamaq şansı qazanmış olar. Və bu, Rusiya üçün beynəlxalq qələbə imkanı deməkdir”.
“Təbii ki, rəsmi Ankara da Türkiyənin ərazisində nəhəng təbii qaz qovşağının yaradılmasında birbaşa maraqlıdır. Ona görə də, rəsmi Ankara Rusiya prezidenti Vladimir Putinin təklifinə dərhal razılıq verdi və belə bir təbii qaz qovşağının Türkiyə ərazisində artıq mövcud olduğunu da bəyan etdi. Əgər, Türkiyədə təbii qaz qovşağı fəaliyyətə başlayarsa, Avropa ölkələri şaxtalı qış aylarında üzləşəcəkləri ciddi problemlərdən xilas olacaq. Rusiya Avropa enerji resursları bazarına geri dönəcək, eyni zamanda Kreml Avropa Birliyi üzərində əsas təzyiq və təsir mexanizmlərini bərpa edəcək. Türkiyə isə öz ərazisində olacaq təbii qaz qovşağı sayəsində Avropa enerji resursları bazarında hegemon dövlətə çevriləcək. Eyni zamanda, həm Avropa ölkələri, həm də Rusiya Türkiyədən birbaşa asılı vəziyyətə düşəcək. Və bu, Türkiyənin qlobal məkanda siyasi iradə sahibinə çevrilməsi baxımından, yeni cəlbedici perspektivlər açır”,- deyə E.Xalidbəyli sonda qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


