“Ermənistan 30 il müddətində Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımlar, vandalizm aktları törədiblər. Birinci Qarabağ müharibəsindən sonra 4 minə yaxın vətəndaşımızın taleyi haqqında bugünədək Ermənistan tərəfindən məlumat verilmir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat daha sonra bunları qeyd edib:
“Torpaqlarımız işğaldan azad olunduqdan sonra Xocavənd rayonunun Ərəkül kəndi artıq üçüncü yaşayış məntəqəsidir ki, bu ərazilərdə aparılan qazıntılar zamanı insan sümükləri aşkarlanır. Bu, birbaşa Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş növbəti qanlı-hərbi cinayətin bir sübutudur. Bundan əvvəl Fərrux, Edili kəndində, indi isə Ərəkül kəndində tapılmış insan sümükləri məhz elə Birinci Qarabağ müharibəsində bugünə kimi taleyi haqqında Ermənistan tərəfindən məlumat verilməyən insanların qalıqlarıdır. Tapılan insan sümüklərindən də məlum olur ki, Ermənistan soydaşlarımıza qarşı amansız işgəncələr verərək həyatalarına son qoymuşlar və onları da belə kütləvi məzarlıqlarda basdırmışlar. Çox təəssüf ki, bu gün Ermənistanın hərbi cinayətlərinə, xalqımıza qarşı törədilən qanlı soyqıırmalara, vandalizm aktlarına dünya susur. Növbəti vandalizm aktı isə əlbəttə ki, bugün də yayılmış təhqirəramiz ifadələrlə azərbaycanlılara məxsus qəbir daşlarının dağdılması faktıdır. Bu bir daha onu göstərir ki, xalqımızın irsinin məhv edilməsi istiqamətində Ermənistan öz çirkin siyasətini davam etdirir. Çünki istər Birinci Qarabağ müharibəsində, istər ondan əvvəl Ermənistanın bugünkü ərazisində, hansı ki, Azərbaycanın torpaqlarıdır, bu ərazilərdə azərbaycanlılara məxsus irsi, dini tamamilə məqsədyönlü şəkildə məhv ediblər”.
“Ermənistan bunu ona görə edir ki, dünya ictimaiyyəti tərəfindən Ermənistana indiyədək cəza verilməyib. Onlara qarşı hər hansı bəyanatlar səslənilmir, sanksiyalar tətbiq olunmur. Bu cəzasızlıqdan istifadə edən Ermənistan, erməni lobbisi öz çirkin əməllərini, hərbi cinayətlərini, terrorunu davam etdirirlər. Görəsən, əsassız ittihamlar səsləndirən Fransa siyasətçiləri, xüsusən Fransa prezidenti Makronun Ermənistanın törətdiyi bu vandalizm aktlarına, qanlı cinayətlərinə, xalqımıza qarşı törətdikləri soyqırımlara nədən səsini çıxartmır? Görəsən, UNESCO tərəfindən niyə fakt araşdırıcı misssiya göndərilmir? Əlbəttə ki, bu ikili standartdır və erməni vəhşiliyini ört-basdır etməkdən başqa bir şey deyil. Amma Ermənistana bu gün dəstək olan, ona havadarlıq edən Fransa hökuməti, Fransa prezidenti, Fransa senatı, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan tarixi qələbə qazandıqdan sonra quyruq çıxardan ölkələr, o cümlədən özlərinə qırmızı xətt müəyyənləşdirən İran kimi ölkələr hansı ki, adlarını islam ölkəsi qoyublar, amma birbaşa Ermənistana dəstək olurlar, bütün bunlara qarşı onlar səs çıxartmamaqla, bir daha onlar göstərirlər ki, bu terrorun içində elə onlar da qərarlaşıblar. Bir sözlə, artıq dünya erməni vandalizminə, Ermənistan tərəfindən törədilən soyqırımlara, hərbi cinayətlərə son qoymalıdır. Ermənistan terroruna son qoymalıdır, çünki Ermənistan terroru sərhəd tanımır”, deyə deputat sonda qeyd edib.
Aynurə Demokrat.az


