“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışı erməni faşizminin mahiyyətini, təcavüzkarların törətdikləri cinayətlərin miqyasını göstərmək və dünya ictimaiyyətinə çatdırmaq, türk və müsəlman dövlətlərini birliyə, həmrəyliyə, əməkdaşlığa, düşmənlə birgə mübarizəyə səsləmək, cəlb etmək baxımından tarixi əhəmiyyətə malikdir. Elə buna görə də, Prezidentimiz öz çıxışında Ermənistanın son 30 ildə Azərbaycan torpaqlarına qarşı təcavüzünə və bu gündə bu təxribatların davam etdirilməsinə daha çox diqqəti cəlb etdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat daha soonra bunları əlavə edib:
“Ölkəmizin rəhbəri bildirmişdir ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edir və qəhrəmanlaşdırırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan düşməni əzdi, müharibədə qalib gəldi və bu gün işğaldan azad olunmuş ərazilərdə tikinti, quraşdırma, bərpa işləri sürətlə davam etdirilir. Həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmişdir. Məhz buna görə də, 2022-ci ilin doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artmışdır”.
“Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına böyük önəm verməsi nəinki respublikamız, region üçün, eləcə də dünya ölkələri üçün çox faydalıdır. Ona görə də, Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli maraqlarına uyğundur və gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti öz çıxışında bir daha sülhün, əmin-amanlığın, Cənubi Qafqaza təhlükəsizliyin təmin edilməsinin tərəfdarı olduğunu, dünyada ikinci ən böyük beynəlxalq Təşkilat olan Qoşulmama Hərəkatının fəaliyyətinə böyük önəm verdiyini ifadə etmişdir. Cənab İlham Əliyevin xarici ölkələrin rəhbərləri ilə görüşlərində də bu fikirlər bir daha səsləndirilmiş və dövlətimizin mövqeyi, dünyada sülhün, əmin-amanlığın bərpası üçün aydın planlar diqqətə çatdırılmışdır”.
Aynurə Demokrat.az


