“Son zamanlar insanların sosial durumunun aşağı olmasından istifadə edən, psixoloji təsir altına tez düşən insanları ələ alan narkotacirlər özlərini göstərmədən satış şəbəkəsini qurmağa nail olur. İradəsi zəif, ehtiyac içində yaşayan insanlar da qeyri-ixtiyarı onlarla razılaşır. Bəzən qız adıyla həmin şəxslər oğlanlara yazırlar və bir müddətdən sonra misal olaraq, 100 dollar verməklə, həmin şəxsləri şirnikləşdirirlər. Nəticədə deyir ki, bir paket var və onu Azərbaycandan filan yerə keçirmək lazımdır və bunun üçün sənə hər ay əmək haqqı verəcəm. Bununla da, dərhal həmin şəxsləri narkotacirlər ələ alırlar. Beləliklə də, iradəsi zəif şəxsləri öz narko kuryerlərinə çevirirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov deyib. Ekspert bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin hədəfə tuş gəlmə ehtimalları daha çoxdur:
“Bəzən həmin şəxslərə bağlamalar verilir, lakin taksi sürücüləri bunun narkotik olduğunu belə anlamır. Beləcə də, onlar da qurbanlar siyahısına düşmüş olur. Ona görə də, bu fəaliyyətlə məşğul olanlar daha ayıq-sayıq olmalıdırlar. Hər hansı bir şirkətdən bir bağlama alırsa, o zaman həmin insanlar mütləq ehtiyatlı olsunlar. Əgər bugün onlar qazanacaqsa, ömür boyu problem yaşayacaq. Bu şəbəkələr “tora saldıqları” insanlara bu işin öhdəsindən gəlsələr daha çox qazanacaqlarına inandırır. Bəziləri bunu bilərəkdən gəlir qazanmaq məqsədi ilə edir”. 
“İndi isə torpaqlarımız işğaldan azad olunub. Ancaq onlar istənilən yolla Azərbaycandan tranzit kimi istifadə edəcək. Narkotik vasitələr Çindən, Əfqanıstandan, əsasən də İrandan gələ bilir. Əsasən 70 faiz marşrut yolu ilə İrandan Azərbaycana keçmək istəyirlər. Təbii ki, sərhəddə nəzarət güclü olsa da, bunu keçirdəcəklər. Yəni, quşla, uzunqulaqla, atla da olsa keçirirlər. Biz nə fikirləşsək də, onlar bizdən yaxşı fikirləşir. Problem biz özümüzük. Deyirlər, apar bunu qoy o kolun dibinə, sən də 100 manata görə qoyursan. Bu məsələdə qadınlar daha çox kişiləri tora salırlar. Deyirlər, apar bu bağlamanı, amma içinə baxma, içində qadın paltarlarıdır. Ona görə də, bu məsələdə ehtiyatlı olaq. Onlar hal-hazırda internet üzərində bu kimi hərəkətlərini çoxaldıb. Əsasən də, 10 nəfərdən 3-4-ü qadındır. Ümumiyyətlə, tanıdığınız və tanımadığınız adamdan heç bir şey götürməyin. İşğaldan torpaqlarımızı azad etməyimiz İranı daha da qıcıqlandırıb və onlar çalışacaqlar hər hansı bir yolla, əsasən də narkotrafik yollarla bizə cüzi də olsa xətər yetirsinlər”.
Aynurə Demokrat.az


