Hazırda əhali ərzaq məhsullarının bahalaşmasından şikayət edir. Doğurdan da mağazalarda qiymətlər əl yandırır.
Demək olar ki, marketlərdə qiymətlər hər gün dəyişir. Hətta market, mağaza işçiləri belə məhsulların üzərində qiyməti dəyişməkdən yorulduqlarını deyirlər. Mövcud vəziyyət minimum əmək haqqı ilə dolanan ailələrin ərzaq məhsulları ilə təminatını kifayət qədər ağırlaşdırır. Elə ailələr var ki, atanın, yaxud ananın qazancından başqa heç bir gəliri yoxdur. Ərzaq məhsullarının bahalaşması ilə yanaşı, kommunal xərclər də kifayət qədər yüksəkdir. Bu səbəbdən əhali mövsümi meyvələri almaqda belə çətinlik çəkir. Önümüzdəki aylarda qiymət artımı ilə bağlı proses necə davam edəcək? Hökumətin bu istiqamətdə addımları olacaqmı?
İqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a bildirib ki, bahalaşma ilə bağlı prosesə çevik və adekvat cavab verilməli idi, lakin biz bunu görmədik.
İqtisadçı qiymət artımının təsirlərini azaltmaq üçün müəyyən alətlərin olduğunu diqqətə çatdırıb: 
Ekspert bildirib ki, antiinflyasiya tədbirlər çərçivəsində əslində bir çox işlərin görülməsi hökumət qarşısında öhdəlik kimi qoyulub:
"Bunların bir çoxunun nəticələri uzunmüddətli dövrdə ortaya çıxa bilər. İstehsalın genişləndirilməsi, artırılması, idxaldan asılılığın aradan qaldırılması qısamüddətli iş deyil. Amma qısamüddətli dövrdə effekt verə biləcək tədbilər də mövcuddur. Dediyim kimi, gömrük xərclərinin azaldılması, faizsiz və ucuz vəsaitlərlə təmin etmə. Bəs bu gün nə müzakirə olunur? Müzakirə olunur ki, ərzaq məhsullarına tətbiq edilən ƏDV-nin aradan qaldırılması guya effekt vermir. Elə deyil, əksinə, effekt verir. Sadəcə, Azərbaycan bazarında effekt verməyə bilər, qismən də olsa, bununla razıyam. Nəyə görə? Bizim bazar monopolistdir. İnhisarçı bazarlarda gözlənilən nəticəyə tam nail olmaq mümkün deyil. Çünki buradakı qiymətlər bir çox hallarda qeyri-bazar şərtləri fonunda formalaşır. Hökumət bu istiqamətdə çevik iş aparmır. Ona görə də biz bugünkü vəziyyətlə üzləşmişik".
R.Həsənov qeyd edib ki, kənd təsərrüfatı məhsulları ilə yanaşı Rusiyadan idxal oluna məhsullar da bahalaşacaq:
"Bu gün bazarın konyukturu, bazardakı psixoloji vəziyyət də qiymətlərin artması üçün uyğundur. Çünki burada artıq istehlakçı rəyi bu istiqamətdə formalaşıb. Yəni, icma bunu qəbul edir ki, qiymətlər günbəgün artır. Belə hallarda daha rahat və münbit imkanlar yaranır ki, qiymətləri qaldırsınlar. Əsasən, mövsüm faktoru da nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarında qiymətlərin sərt bahalşması müşahidə olunacaq. Böyük ehtimalla aydan bu məhsullarda artımlar dekabra qədər 30-50 % arasında artacaq. Bununla yanaşı Rusiyada istehsal imkanları məhdudlaşdıqca ixracda məhdudiyyətlərin daha da genişlənmə imkanı var ki, bu da bahalşmaya səbəb olacaq".


