Sosial Özəl

“İndi yerindən duran reklam xatirinə ət tökən, eybəcər-eybəcər seriallar çəkir“ — Şeyx Əbdül

“İndi yerindən duran reklam xatirinə ət tökən, eybəcər-eybəcər seriallar çəkir“ — Şeyx Əbdül

“Bu gün televiziya verilişlərinə dəvət olunsam da, getmirəm“.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli deyib.

“ATV telekanalında bədii rəhbər olanda bir veriliş açmışdım. Biz o vaxtı milli-mənəvi dəyəri, klassik irsi, adət-ənənəmizi təbliğ edirdik. Biz onlara xətər toxunduran, ziyan gətirən hər şeyi yerindəcə həll edirdik. Bununla bağlı, əlaqədar dövlət strukturlarına, yerli inzibati orqanlarla əlaqə yaradırdıq və dərhal problemi yoluna qoyurduq. Çox təəəsüflər olsun ki, indi belə deyil. Televiziya məkanında gedən verilişlər, kinolar çox bərbad gündədir. İndi yerindən duran reklam xatirinə əttökən, eybəcər-eybəcər seriallar çəkir. Aktyorluq yox, məna yox, mahiyyət yox, dramaturgiya yox. Heç bir şey yoxdur! Biri ağzını əyib danışır, biri ləhcəylə danışır. Azərbaycanda nə qədər gülməli artist var? Mən həmişə demişdim ki, kütləvi şəkildə bu verilişlərin alternativi olsun, nümunəvi ailələr də çağırılsın. Baxın, bu gün bunlar hansı əxlaqi-mənəvi dəyərləri daşıyırlar? Həyat bumeranqdır və Allah-təala dünyamızı cütlük nəzəriyyəsi ilə yaradıb. Bunu göstərəndə, gərək onu da göstərəsən. Azərbaycan xalqı görsün ki, millət tək bu tullantılardan ibarət deyil, Azərbaycan əxlaqsız və mənəviyyatsız talpadan ibarət deyil. Arvadından qaçan, oğlundan qaçan, qızından qaçan, dədəsini çölə atan efirlərə çıxardılır. Bu nə biabırçılıqdır?! Çox təəssüflər olsun ki, bütün verilişlərdə kütləvi şəkildə ancaq pis şeyləri təbliğ edirlər. Mən bundan çox narahat oluram. Artıq bunları yığışdırmaq lazımdır. Bunlar biabırçılıqdır, rüsvayçılıqdır, mədəniyyətsizlikdir!”.

“Bu gün televiziya kanalları hansı rayonda başı pozuq ailə varsa, gedib onu tapıb gətirir. Yəni pisi göstərirsənsə, buna alternativ yaxşını da göstər! Böyük əksəriyyəti də rayonlardan gəlib, burada yersiz-yurdsuz qalanlardır. Bu məmləkət insanlarındır. Allah-taala stabil dünya yaradıb. Hər bir xalqın, millətin öz xüsusiyyətinə uyğun həyat tərzi var. Bu Allahın qoyduğu müqəddəs bir qanundur. Buna niyə əməl etmirik? Bunların bir səbəbi də sosial problemdir. İnsanlar ehtiyacdan sınırlar, pis günə qalırlar. İkincisi də, o adamlar hansı inzibati rayondan, kənddəndirsə, bax oranın dövlət strukturları hara baxırlar? Oranın icra hakimiyyəti, prokuroru var, bələdiyyəsi var. Bunlar niyə bu insanların taleyi ilə məşğul olmurlar ki, hamısı qaçıb bura gəlir və televziyaya çıxıb bizi biabır edirlər. Dövlət səviyyəsində bu işləri yoluna qoymaq lazımdır! Fərdi şəkildə televiziyanın işini düzəltmək mümkün deyil. Ona deyirlər, şapalaqla üz qızartmaq, ya da yaranın qaysağını qopartmaq. Bununla, mübarizə olmur axı? Dövlət səviyyəsində buna nəzarət olmalıdır. Dövlətin bütün strukturları, əlaqədar təşkilatları bu işlə məşğul olmalıdırlar. Xalqın sosial problemləri həll olunmalıdır! Bu insanlardan hansı vətənpərvərliyi gözləyirsiniz? Onlar sizə nə vətəndaş olacaq? Ana məhəbbəti, ata məhəbbəti görməyən nə övlad olacaq, nə vətəndaş olacaq?! Mən həmişə demişəm, yenə də deyirəm. Məni daş-qalaq etsələr də, yenə də deyəcəm. O evdəki əxlaq, mənəviyyat, milli-mənəvi dəyər, millətin soyu-kökü bu cür təhrif olunur. Buna səbəbkarlar və şərait yaradanlar hamısı kütləvi şəkildə güllələnməlidir, ya da həbs olunub edam olunmalıdır. Mənəvi dəyərlərimizi, əxlaqımızı məhv edənlərə qarşı amansız olmaq lazımdır. Təəssüf olsun ki, qanunumuzda çoxlu boşluqlar var. Hər dəfə tanış deputatlara da, mətbuata da deyirəm ki, ay qardaşlar, onsuz da nə sifarişlər gəlir icra edirsiniz. Axı, bu mənəviyyat hamımızındır. Burada heç olmasa, qanunları ortaya qoyun, bir sərtləşdirin də!”

Şeyx Əbdül bildirib ki, bu gün gənclərin çoxu rəsmi nikahsız ailə qururlar və bu da gələcək üçün ciddi problemlərdən xəbər verir:

“Dəhşət burasındadır ki, çoxu rəsmi nikahı olmadan ailə qurur. Sonra da, ər qadını qoyub qaçır. Qadın yazıq da ev qadınıdır. Neyləsin? Dəhşət burasındadır. Mən Şeyxə də, dövlətə də səslənirəm. O cür ailələrin bir neçəsinə şəxsən şahid olmuşam. O cür 99 faizi rəsmi qeydiyyatı yoxdur. Bütün bu uşaqların hamısı elə bil ki, zinadan törəyiblər. Bunlara xüsusi diqqət göstərilməlidir! Həddi-buluğa çatan gənc oğlanlar və qızlar mütləq dövlətin nəzarətində olmalıdır ki, bunun qarşısını alaq”.

Aynurə Demokrat.az

D
demokrat.az