“Dünən Rusiya prezidenti Vladimir Putin öz çıxışında Krım körpüsünün partladılmasında Ukraynanı birbaşa ittiham etdi və bunu terror aktı adlandırdı. Eyni zamanda, bu körpünün guya mülki infrastruktur elementi olduğunu qabartmağa çalışdı. Halbuki, hər kəs çox yaxşı anlayır ki, bu körpü strateji əhəmiyyətli, yəni daha doğrusu həm də hərbi strateji əhəmiyyətli obyektdir. Bugünədək Ukrayna hökumətində heç bir səviyyədə körpünün Ukrayna tərəfindən partladılması etiraf edilməyib. Yəni, Ukrayna tərəfi körpünü vurmuş olsaydı, onu raketlə vurardı. Rusiyadan xüsusi maşın tapmaq, onu Rusiya ərazisində minalamaq və s. bunların hamısı çox nağıl kimi görünür, qurma işə oxşayır. Mənim birbaşa əlimdə əsasım yoxdur deyim ki, bunu Rusiya özü törədib, hər bir halda bu təxribatdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq əlavə edib ki, bunun ardınca Rusiyanın münaqişənin yeni bir fazaya keçirməsi göstərir ki, Rusiyada sanki buna hazır olublar.
“Birincisi, Rusiya İstintaq Komitəsi çox qısa zamanda hər şeyi tapdı və üzə çıxardı. Halbuki, Nemtsovun qatilini və yaxud jurnalist Anna Politkovskanın qatilini illərdi tapa bilmirlər. Amma, burada hər şeyi tapdılar və bu da müəmmalı görünür. Nəhayət, indiyədək Rusiya vurulan gəmilərini və hərbi obyektlərini belə qəza adlandırıb, ya da ehtiyatsızlıq üzündən baş verən hadisə. Amma Ukrayna tərəfindən vurulduğunu etiraf etməyib. Ancaq birdən-birə bu məsələdə Ukraynanı ittiham etmək göstərir ki, burada plan var imiş. Planın da əslində elementləri özünü göstərdi. Rusiya tərəf açıq şəkildə Ukraynanın şəhərlərini raket atəşinə tutdu. Demək dünənki məlumatları təhlil edəndə görürük ki, Rusiya tərəfindən Ukrayna ərazisinə haradasa 80-dən artıq raket atılıb. Əsasən də, hədəfə alınan şəhərlər olub, hərbi bazalar, hərbi birləşmələr dislakasiya olunmur. Məlum məsələdir ki, mülki infrastruktur hədəfə alınıb. Bundan sonra nə baş verəcək? Düşünürəm ki, Rusiya çalışacaq ki, müharibənin coğrafiyasını genişləndirsin və artıq Belarusu bu işə qismən də olsa qatmağa müvəffəq olub. Çünki Ukrayna ərazisinə atılan bəzi raketlərin bəzilərinin hələ də dəqiq məlumat olmasa da, hər halda Ukrayna tərəfinin verdiyi məlumata görə, bəziləri Belarus üzərindən gəlib Ukraynadakı hədəfləri vurub.
Sosial mediada çoxsaylı faktlar göstərilir ki, Belarus ərazisindən hərbi texnikalar Ukrayna istiqamətinə daşınır. Və nəhayət Belarus prezidentinin açıqlaması da göstərdi ki, faktiki olaraq Belarus savaşa qoşulur. Belə çıxır ki, Ukrayna ilə təkbaşına bacarmayan Rusiya Belarusu da bu işə cəlb edir. Bu isə münaqişənin keyfiyyətcə yeni fazaya keçməsi deməkdir. Digər tərəfdən, biz gördük ki, Qərb ölkələri və ABŞ prezdenti Co Bayden birmənalı şəkildə bildirdi ki, Ukraynaya daha müasir silahlar veriləcək. Deməli, qarşıda müharibənin bir qədər də kəskinləşəcəyi və miqyasının böyüyəcəyi gözlənilir. Onun hansı miqyasda olacağını demək isə çətindir. Amma hər bir halda artıq proses yeni mərhələyə keçib”.
Aynurə Demokrat.az


