"Ermənistanın Rusiyaya qarşı fəaliyyəti planlı xarakter daşıyır. Həm Rusiyaya, həm də KTMT-ya qarşı etiraz aksiyası vahid mərkəzdən idarə olunur. Bütün bunlar Paşinyan hakimiyyətinin "sürüşkən xarici siyasət"inin təzahürləridir. Yəni, Rusiya və KTMT-ya qarşı etiraz aksiyaları məhz Paşinyan hakimiyyəti tərəfindən xüsusi təlimatlar əsasında keçirilir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitikin sözlərinə görə,
Paşinyan hakimiyyəti yalnız Rusiya və KTMT-ya qarşı kütləvi etiraz aksiyaları ilə kifayətlənmir.
"Paşinyan hakimiyyəti Ermənistanın əsas mətbuat orqanlarında həm də Rusiya və KTMT-ya qarşı genişmiqyaslı propoqanda da aparır. Rəsmi İrəvan Ermənistan mətbuatı vasitəsilə Rusiyanı bütün problemlərə görə ittiham edir. Paşinyan hakimiyyətinin təmsilçiləri xarici ölkələrə səfərlər zamanı Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyadan şikayətlənirlər. Eyni zamanda, Paşinyan hakimiyyəti xarici himayədarları qarşısında Rusiyadan uzaqlaşmaq və KTMT-dan çıxmaq barədə də öhdəlik götürüb. Hətta rəsmi İrəvan gələn ilin fevral ayında KTMT-nın tərk olunması ilə bağlı hüquqi prosedurlara start vermək niyyətini də bəyan edib.
Təbii ki, bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatları ilə Rusiyaya qarşı ikinci cəbhə açıb. Üstəlik, rəsmi İrəvan hər ötən gün Rusiyaya qarşı açılan ikinci cəbhəni daha da genişləndirilməyə çalışır".
"Böyük ehtimalla yaxın vaxtlarda Rusiya tərəfindən buna hansısa formada kəskin reaksiya verilə bilər. Yəqin ki, Kreml əvvəlcə Ermənistana verilən təbii qazın kəsilməsi ilə cavab verəcək. Ermənistanın Rusiyaya təbii qaz alışı ilə bağlı xeyli borcu yığılıb. Bəzi məlumatlara görə, "Qazprom" Ermənistana öz borclarını ödəmək üçün noyabrın sonuna qədər vaxt verib".
"Rəsmi İrəvanın həmin borcları ödəmək imkanları demək olar ki, yoxdur. Yəqin ki, Rusiya Ermənistana verdiyi qazı şaxtalı qış ərəfəsində kəsəcək. Digər tərəfdən Rusiya Ermənistana qazı güzəştli qiymətlərlə satırdı. Bundan sonra yəqin ki, həmin güzəştlər ləğv oluna bilər. Bu halda, Ermənistan dünya qiymətləri ilə təbii qaz almalı olacaq. Yəni, Paşinyan hakimiyyəti ABŞ və Qərbin vədlərinə şirniklənərək, Rusiya ilə münasibətləri gərginləşdirir, Ermənistanı fəlakətə doğru sürükləyir. Belə davam edərsə, yaxın vaxtlarda Ermənistanda onsuz da mövcud olan sosial-siyasi böhran ölkədaxili xaos mərhələsinə keçə bilər," - deyə analitik sonda qeyd edib.
Aynurə Demokrat.az


