Fikir, söz və məlumat azadlıqları cəmiyyətin əsas azadlıqları hesab olunur və plüralist cəmiyyətin yetişməsi üçün ən vacib şərt sayılır. Şübhəsiz ki, bu azadlıqlar ilk növbədə mətbuatdan başlayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azərbaycanda istənilən məsələyə müstəqil fikir bildirmək, mövqe sərgiləmək imkanı məhdudlaşdırılmayıb. Əgər azad şəkildə internetdən istifadə, sosial şəbəkələrdə paylaşımlar edilirsə, fikir, söz, məlumat azadlığından istifadə edilirsə, deməli, insanların hüquq və azadlıqlarına heç bir maneə yoxdur və bu özü də ölkədə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyir. Təbii ki, plüralizmin, demokratiyanın inkişafına dövlət dəstəyi, dövlətin diqqət və qayğısı əsaslı rol oynayır. Bu gün media orqanlarına dövlət dəstəyi mövcuddur. 
“Bu məsələyə əsasən iki aspektdən yanaşmaq lazımdır. Birinci, dövlətin görməli olduğu işlər və real durum, ikinci də, əlbəttə ki, medianın özünün üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzü azad şəkildə ifadə etməkdə çətinik çəkirik. Medianın fəaliyyət göstərməsi üçün hər hansı rəsmi əngəl yoxdur. Qeyri-rəsmi əngəllərdən danışa bilmərik. Sadəcə olaraq, medianın reklam sahəsində çox ciddi problemləri var. Özəlliklə də, qəzetlərin, ayrı-ayrı saytların ayaqda dura bilməsi üçün reklam bazarında monopoliya var, bir anormal durum var. 

“Bugünkü qaçhaqaçda sosial mediayaya uduzma şəraitində keyfiyyətli, ənənəvi, hətta onlayn medianın ayaqda durması olduqca çətinləşib. Yəni, bir tərəfdən keyfiyyətdən qurban verməyə məcbur oluruq ki, o qaçhaqaçda operativlikdə uduzmayaq. Təbii ki, operativlik arxasınca qaçdığımız zaman da keyfiyyətdə uduzuruq. Keyfiyyətdə uduzmaq da, ciddi oxucu, izləyici auditoriyasının bizdən üz döndərməsinə səbəb olur. O ciddi kəsim keyfiyyətdə güzəştə getmir. Bu bir tərəfdən, ikinci tərəfdən mediadan sui-istifadə halları həddən artıq çoxdur. Özəlliklə mediaya dəxli olmayan xeyli sayda insan var ki, bu sahəyə kobud da olsa, deyəcəm "soxulub", buranı gözdən salır, davamlı şəkildə media sahəsini, özəlliklə də, auditoriya qarşısında rəzil duruma salır və təbiidir ki, bu da medianın əsas funksiyalarını yerinə yetirməsinə çox ciddi əngəl törədir. Ona görə də, düşünürəm ki, dövlətin yaratdığı şəraitdən, özəlliklə də, mediaya bir vicdan məsələsi kimi yanaşan adamlar maksimum yararlanıb, elə bir ortam qurulmasına çalışmalıdırlar ki, burada həqiqətən də, keyfiyyətli jurnalistika daha çox tələb olunan səviyyəyə yüksəlsin. Yəni, auditoriya məhz o keyfiyyətli jurnalistikanı axtarsın. Burada dövlətin yardımı əlbəttə də qaçılmazdır, özəlliklə də, reklam məsələsinin tənzimlənməsi keyfiyyətin yüksəlməsinə səbəb olacaq”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli saytımıza açıqlamasında bildirib ki, Azərbaycan jurnalistikasında keyfiyyət probleminin olmasının obyektiv və subyektiv səbəbləri var: 

“Əgər jurnalistə istədiyi maaşı verə bilmiriksə, onda keyfiyyətli iş də tələb edə bilmərik. Bunlar zəncirvari proseslərdir. Ümid edirəm ki, medianın reklam bazarı formalaşandan sonra peşəkarlıq səviyyəsi də artacaq”.
H.Heydərli sonda qeyd edib ki, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Aynurə Pənahqızı Demokrat.az


