Gündəm Özəl

“Camalım doğum günümü şəhadətilə təbrik etdi” — Körpəsini görməyən “Hadrut Fatehi”nin anası

“Camalım doğum günümü şəhadətilə təbrik etdi” — Körpəsini görməyən “Hadrut Fatehi”nin anası

36 illik ömrünün yarısını Vətənə xidmətə həsr edən, Vətən Müharibəsi Qəhrəmanı, “Hadrut Fatehi”, XTQ baş giziri Şəhid Camal İsmayılov 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərib.

Demokrat.az xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı” Camal rus, erməni, ingilis dillərini mükəmməl bilirdi.

O, peşəkar döyüşçü olduğu üçün yeni silahların incələnməsində iştirak edib.

Vətən müharibəsinin başlanmasına çox sevinən Camalın döyüşlərə gedərkən sözü belə olub:

“Bu dəfə torpaqlarımızı mütləq geri alacağıq!”.

Camal İsmayılov sözünə sadiq qalaraq 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərib.

Müharibə dövründə ermənilərin rabitə sisteminə qoşulmuş və Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr vermişdir ki, “Geri çəkilin!”.

Beləcə, bir güllə atmadan 1500 ermənini zərərsizləşdirmişdir. Yaxın dostu Şəhid Pəncəli Teymurov Aprel döyüşlərində şəhid olanda Camal “Elə bil ki, bir qolumu itirdim” deyir.

Digər dostu Kamil Şirinov da Vətən müharibəsində Camalın qollarında şəhid olur.

17 nəfərlik heyətlə döyüşə qatılan Camal son nəfəsinə qədər vuruşaraq düşmənin 500 nəfərlik taborunu məhv edir.

Oktyabrın 21-i anasının doğum günündə, doğulacaq körpəsinin üzünü görmədən şəhadətə ucalır.

Şəhidimizin 3 övladı var.

Anası Filarə İsmayılova açıqlamasında bunları deyib:

“Oktyabrın 21-i mənim ad günüm idi, mən birinci onun zəngini gözləyirdim. Axşama qədər gözlədim, şam namazından sonra, yəni heç namazdan qalxmamışdım ki, gördüm qapımız açıldı, atası həyətə düşdü. Onun şəhid olması xəbərini eşitdim. Camalım ayın 21-i məni şəhadətilə təbrik etdi”.

“Camalım doğum günümü şəhadətilə təbrik etdi” — Körpəsini görməyən “Hadrut Fatehi”nin anası
“Camalım doğum günümü şəhadətilə təbrik etdi” — Körpəsini görməyən “Hadrut Fatehi”nin anası

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az