Hadisə Özəl

“Narkotik satanlara qanunların yüngülləşdirici halı tətbiq edilə bilməz” — Çingiz Qənizadə

“Narkotik satanlara qanunların yüngülləşdirici halı tətbiq edilə bilməz” — Çingiz Qənizadə

Xəbər verdiyimiz kimi, bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun müddətdən tez bəraət qazanması insanların narahatlığına səbəb olub. Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir.Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir.

Məsələ ilə bağlı Demokratiya və İnsan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlama verib.

“Son günlər mətbuatda Salyan rayonunun Qaraçala qəsəbəsində narkotik satışı ilə məşğul olan şəxs barəsində vətəndaşların redaksiyaya müraciəti ilə bağlı və bu məsələyə münasibət bildirən bir çox hüquq-müdafiəçilərinin fikirləri ilə tanışam. Belə hesab edirəm ki, kimliyindən asılı olmayaraq narkotik satışı ilə məşğul olan şəxslərə qanunların yüngülləşdirici halı tətbiq edilə bilməz. Burada çox ziddiyyətli məqamlar var. Əvvəla, mən mətbuatda gedən süjetə baxdım. 2017-ci ilin mart ayında bu şəxsin evinə baxış keçirilən zaman telekameralar qarşısında polisin keçirdiyi əməlyyat nəticəsində 6,6 kiloqramdan çox narkotik maddənin aşkar edilməsi görüntüləri yayılıb. Belə olan halda, istintaq aparılıb və birinci instansiya məhkəməsi tərəfindən həmin şəxsə bir neçə maddə ilə - narkotiklərin külli miqdarda satışı, evindən tapılmış qanunsuz silah və onun komponentlərin saxlanılması, bıçağa görə və digər hallar da tətbiq edilməklə, səhv etmirəmsə, 4 maddə ilə cinayət işi qaldırılıb. Birinci instansiya məhkəməsi tərəfindən ona 8 il 6 ay cəza verilib. Mən müddətə baxdım. Düz 1 il 6 aydan sonra Şirvan Apellyasiya Məhkəməsi tərəfindən kifayət qədər sübutlar olmadığına görə şəxsə bəraət verilib. Belə olan halda, sual yaranır. Burada günahkarlar kimdir? Əməliyyatı keçirən polis işçilərimi? İstintaqı aparan müstəntiqmi ? Birinci instansiya məhkəməsində hökm çıxardan hakimmi? Əgər bunlar günahkardırlarsa, onda Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar haqlıdırsa, deməli bu şəxslər barəsində də tədbirlər görülməli idi. Həm əməliyyatı aparan, həm istintaqı aparan, həm birinci instansiya məhkəməsindən qərara çıxardan şəxslər barəsində də. Amma ilkin görüntüdən belə məlum olur ki, həqiqətən də, bu vətəndaşın evindən külli miqdarda narkotik vasitələr aşkar edilib götürülüb və Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü istər-istəməz şübhə altına düşür”.

“Belə hesab edirəm ki, mətbuatda gedən bu məlumatlarla bağlı hüquq-mühafizə orqanları qanunun onlara imkan verdiyi səviyyədə bu işin təkrar araşdırılması və təkrar bu işə hüquqi qiymət verilməsi istiqamətində addımlar atmalıdır. Bir daha qeyd edirəm ki, narkotik satışı ilə məşğul olan şəxslər cəmiyyətimizi korlayırlar, balalarımızı korlayırlar, Azərbaycanın gələcəyini korlayırlar. Bu gün ölkədə narkotikin həm istifadəçilərinin, həm satışının tüğyan etdiyini nəzərə alsaq, bu cür hallara qarşı hüquq-mühafizə orqanları barışmaz mövqe nümayiş etdirməlidirlər”, - deyə sonda Ç.Qənizadə qeyd edib.

Aynurə Demokrat.az

D
demokrat.az