Hadisə

Xızıda dağlıq-meşəlik ərazidəki yanğın SÖNDÜRÜLDÜ — YENİLƏNİB

Xızıda dağlıq-meşəlik ərazidəki yanğın SÖNDÜRÜLDÜ — YENİLƏNİB

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

20:12

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Demokrat.az-aFövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

16:51 Altıağac Milli Parkındakı yanğının söndürülməsinə iki helikopteri cəlb edilib.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

15:39 Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Demokrat.az-a bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

D
demokrat.az